|
İqtisadiyyat / 05.07.2008 14:39 İlin sonuna qədər Bakı, Sumqayıt və Abşeronda poçt şöbələri maliyyə-bank xidmətləri göstərəcək
İndi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli Bankla birgə poçtların bu fəaliyyətinin hüquqi tərəflərini müzakirə edir
Bu ilin sonuna qədər artıq Bakı, Sumqayıt və Abşeronda olan poçt şöbələrində əhaliyə maliyyə-bank xidmətləri göstəriləcək. Bu, 2005-ci ildə Azərbaycanla Dünya Bankı arasında bağlanan sazişlə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin bir hissəsidir. Ümumi dəyəri 17,75 milyon dollar olan layihənin 12,25 mln dolları Dünya Bankının güzəştli krediti hesabına, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən gerçəkləşdirilir. Artıq planlaşdırılan işlərin bir çoxu reallaşmaq ərəfəsindədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda layihənin ən mühüm hissəsi olan avtomatlaşdırılmış korporativ informasiya sisteminin həm şəbəkənin, həm də tələb olunan proqram təminatının qurulması işləri davam edir. İlin sonuna bu işlər tamamlanmalıdır. İlin sonunda Bakı, Sumqayıt və Abşeron poçt filiallarının şəbəkəyə qoşulmaqla, sınaq işi təşkil olunacaq. İlkin olaraq maliyyə-bank xidmətləri göstərilməsinə başlanacaq.
İndi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli Bankla birgə poçtların bu fəaliyyətinin hüquqi tərəflərini müzakirə edir. Bununla bağlı poçt rabitəsi haqqında qanuna əlavələr olunacağı planlaşdırılır. Məsələnin Milli Məclisin payız sessiyasında həll olunacağı gözlənilir. Ümumiyyətlə isə maliyyə-bank sisteminə keçəcək poçtlar kredit verilməsindən başqa digər bütün bank əməliyyatlarını yerinə yetirə biləcək. Pul köçürmələri, sahibkarların hesablar açıb əməliyyat apara bilməsi mümkün olacaq. Bununla yanaşı, poçt şöbələrində bankomat tipli postomatlar quraşdırılacaq ki, bu aparatların köməyi ilə hesablardan pul çıxarmaq olacaq.
Qeyd edək ki, poçtların eyni zamanda bank xidmətlərini yerinə yetirməsi dünya praktikasında uğurla tətbiq olunur. Bu, həm poçtların əlavə gəlir qazanması, həm də insanların bir çox işlərini vaxt itirmədən məhz poçtların vasitəsilə həyata keçirməsi baxımından yüksək qiymətləndirilir.
Hazırda poçt şöbələrinin kompüterləşdirilməsi istiqamətində də işlər görülür. İndiyə kimi Bakı, Gəncə və Sumqayıtda poçt şöbələri tam kompüterləşib. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin 2009-cu ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulur. Həmin vaxta kimi ölkədəki bütün poçt şöbələrinin də həm kompüterləşdirilməsi, həm də bank-maliyyə xidmətlərinin göstərilməsinin təmin olunması planlaşdırılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|