|
Siyasət / 04.07.2008 19:08 İlham Əliyev Corc Buşu təbrik edib
“ABŞ dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir”
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə ABŞ prezidenti Corc Buşa təbrik məktubu göndərib. Məkyubda deyilir ki, ABŞ dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu işdə Birləşmiş Ştatların yanındadır və hər zaman öz töhfəmizi verməyə hazırıq: “Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Biz eyni zamanda Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq”. İlham Əliyev, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik”. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|