|
İç Xəbər / 04.07.2008 20:28 9 rayonun qazla təminatı yaxşılaşdırılacaq
Prezident İlham Əliyev, Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi üçün 14 milyon manat vəsait ayırıb
Prezident Olham Əliyev “Azərbaycan Respublikasinin Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində ölkənin bütün regionlarında əhalinin təbii qazla təminatı işi uğurla həyata keçirilir. Hal-hazırda respublikanın müxtəlif bölgələrində qaz təchizatının yaxşılaşdırılması və bərpası istiqamətində geniş həcmdə işlərin aparılmasına başlanıb. Dövlət başçısı, Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarında qazlaşdırma prosesinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alır ki, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə 14,0 milyon manat vəsait ayrılsın. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti həmin vəsaitin cari ilin sonunadək təyinatı üzrə istifadəsini təmin etməli və bu barədə prezidentə məlumat verməlidir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|