|
İç Xəbər / 04.07.2008 22:45 MSK-nın iclası olub
Məzahir Pənahov: “Seçki Məcəlləsinə edilmiş dəyişikliklər prezident seçkilərinin daha demokratik və ədalətli keçirilməsində əhəmiyyətli rol oynayacaq”
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri Milli Məclis tərəfindən Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbulunu çox mütərəqqi bir addım adlandırıb və qeyd edib ki, bu Qanun seçki praktikasının təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. O, həmin sənədin qarşıdan gələn prezident seçkilərinin daha demokratik və ədalətli keçirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin dislokasiyalarında dəyişikliklərə dair məsələ barədə məlumat verib. Qərara alınıb ki, 72 saylı Yardımlı–Masallı, 78 saylı Lerik–Lənkəran, 84 saylı Füzuli və 102 saylı Samux–Şəmkir seçki dairələrinin dislokasiyalarında dəyişikliklər edilsin. MSK 5 saylı Şahbuz–Babək, 20 saylı Nərimanov ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 49 saylı Yevlax–Mingəçevir və 59 saylı Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar qəbul edib. İclasda cari məsələlərə də baxılıb. Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri də iştirak ediblər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|