|
İç Xəbər / 29.08.2008 10:36 Bu gün Azərbaycanın Milli Qəhrəmanı, məşhur telereportyor Çingiz Mustafayevin doğum günüdür
Yaşasaydı, bu gün 48 yaşını qeyd edəcəkdi
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, məşhur telereportyor Çingiz Mustafayevin doğum günüdür. Yaşasaydı, bu gün 48 yaşını qeyd edəcəkdi. İnanmaq çətin olsa da artıq 16 ildir ki, Azərbaycanın ilk müharibə telereportyoru bizimlə deyil. Amma o, Xocalı soyqırımı abidəsindən bir saniyə belə düşünmədən hər gün və hər saat Azərbaycan uğrunda, bu günkü gün uğrunda -müharibəsiz, qaçqınsız, yetim qalmış körpələri olmayan gələcəyimiz uğrunda öz həyatını qurban verdiyi bizə baxır... Bəlkə də bu da bir taledir ki, Çingizin adı həmişə Qarabağla, onun ağrısı, qanı, minlərlə puç edilmiş həyatlarla, yüzlərlə itkin düşmüş şəxslərlə və hələ də tapılmamış qadın, uşaq və qocalarla xatırlanacaq. Çingiz Mustafayev deyəndə ilk olaraq onun Xocalıda soyqırıma məruz qalanları çəkərkən efirdə ağlamağı yada düşür. O belə bir vəhşiliyin bir daha təkrarlanmaması üçün əlindən gələn her şeyi etdi – o öz həyatını da qurban verdi. Və yəqin ki həyatda ikinci dəfə seçim etməli olsa yenə də belə edərdi. Bu Çingiz Mustafayev idi. . Çingiz vəfat edəndən sonra onu tanıyanların bir çoxu Milli Qəhərmanı belə xatırlayırlar. Dövlət Teleradio şirkətinin keçmiş rəhbəri Elşad Quliev onu belə xatırlayardı: “Çingiz Mustafev xüsusi, mərd adam idi. Televiziyada işlədiyim müddətdə tanış olduğum adamlar içərisində yalnız ona bu ad yaraşır “adi qəhrəman”. “Görüş yerini dəyişmək olmaz” filmini xatırlayırısınız? Vısotskinin çox gözəl oynadığı Jeqlov obrazı – Çingizdə də nə isə belə bir şey var idi. Bununla yanaşı o, öz romantikası və hissiyatlılığı ilə əsil azərbaycanlı xarakteri idi. O, heç vaxt öz həqiqəti uğrunda vuruşmurdu, amma həmişə haqqlı idi. O, satqınlara, qorxaqlara və bacarıqsızlara qarşı amansız idi. Amma buna baxmayaraq son loxmasını da kiminləsə bölüşməyə hazır idi. Ən əsası isə Çingiz fədakarcasına Vətənini sevirdi, ona sadiq idi”. Çingiz Mustafayev, ixtisasca həkim idi, eyni zamanda incəsənət, musiqi, jurnalistika vurğunu idi. Məhz Çingiz birinci dəfə Azərbaycanda “Disko” Bakı musiqi mərkəzini yaratmışdı, “Ozan” folklor qrupunda, “Ekspromt" gənclər studiyasında iştirak edirdi. Amma reportyor fəaliyyətinə olan marağı, daha doğrusu vətənpərvərlik hissi daha güclü oldu. O, “215 KL” studiyasında hazırladığı “215 KL” təqdim edir”, “Heç kəs unudulmayacaq”, “Üz üzə” verilişləri ilə xalqın sevimlisinə çevrilmişdi. O, 1990-cı ildə qanlı 20 Yanvar hadisəsini çəkdi. Belə çətin anlarda açıq aydın ermənipərəst mövqedə duran M. Qorbaçov, B. Yeltsin, N. Nazarbayev, A. Mütəllibov kimi siyasətçilərdən müsahibə ala bilmişdi. Xatırladaq ki, Çingiz Mustafayev 1960-cı ildə anadan olub.1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1991-cı ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Lakin mövcud senzuraya görə, Çingiz Mustafayev “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev döyüş gedən bütün bölgələrdən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıda ermənilər tərəfindən soyqırıma mərzu qalmış azərbaycanlıları çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə ona, Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Allah rəhmət eləsin! /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|