|
Siyasət / 04.07.2008 17:59 Prezident İlham Əliyev üç ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
Bunlar Çexiya, Fransa və Pakistanın ölkəmizdə fəaliyyətə başlayacaq diplomatlarıdır
Prezident İlham Əliyev bu gün Çexiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın etimadnaməsini qəbul edib. AzərTAc-ın məlumatına görə, səfir Radek Matula Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyən səfir dövlət başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səylə çalışacaq. Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev əminliyini bildirib ki, səfir diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Bu gün prezident İlham Əliyev Fransanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin də etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Fransa arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Səfir Qabriel Keller ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyib. O, bildirib ki, Fransa Avropa İttifaqında sədrliyə başladığı dövrdən Azərbaycanla bu qurum arasında münasibətlərin daha da genişlənməsinə çalışacaq. İlham Əliyev bu gün Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdul Həmidin etimadnaməsini də qəbul edib. Azərbaycanla Pakistanın müttəfiq ölkələr olduğunu qeyd edən Prezident bildirib ki, müstəqilliyimizin ilkin illərindən başlayaraq ölkə Pakistanın dəstəyini daim hiss edib. Həm ölkələrimiz, həm də xalqlarımız arasında səmimi dostluq əlaqələrinin mövcudluğuna toxunan dövlət başçısı ümidvar olduğunu bildirib ki, səfir diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edəcək. Səfir Əbdul Həmid Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Həm regional, həm də beynəlxalq məsələlərdə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü vurğulayan Əbdul Həmid beynəlxalq təşkilatlarda sıx əməkdaşlığın həyata keçirildiyini bildirib. O, dövlət başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|