|
Hadisə / 04.07.2008 15:31 Qənimət Zahid türmədə ingilis dilini öyrənir
Natiq Əfəndiyev isə Amerikadakı övladları ilə danışa bilmir
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün bir neçə məhbəsdə olub. ANS PRESSƏ-ə verdiyi məlumata əsasən, o, Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəsissəsində “Bizim yol” qəzetinin redaktoru Müşviq Hüseynovla görüşüb. E.Behbudov bildirir ki, redaktorun saxlanma şəraitindən və ona qarşı münasibətdən heç bir şikayəti olmadığını bildirdi: “Orda cəzaçəkmə müəsissəsinin rəisi tərəfindən özlərini nümunəvi aparan məhbusların siyhısı hazırlanıb və prokurorluğa göndərilib. Amma əfsuslar olsun ki, prokuroluq onun üstündən xətt çəkib. Bunun səbəbləri bizə məlum deyil. Bu məhkumlar arasında söz-söhbətə səbəb olub”. Komitə sədri 9 saylı cəzaçəkmə müəsissəsində də olub. Bu məhbəs inzibati orqanda çalışanlar üçün nəzərdə tutulub. Orada Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev saxlanılır. Məlumata görə, N.Əfəndiyev də saxlanılma şəraiti və ona qarşı münasibətdən narazı deyil. Amma sabiq polis rəisi səhhətindən şikayətlənib. Bildirildiyinə görə, onun Azərbaycanda müalicəsi olmayan dəri xəstəliyi var. Komitə sədri deyir ki, məhbus Amerikada yaşayan övladları ilə telefon danışığına icazə verilmədiyini vurğulayıb: “Mən bu barədə cəzaçəkmə müəsissəsinin rəisinə məlumat verdim. Ancaq o, dedi ki, bu məsələ onun statsunda həll edilmir”. Hüquq müdafiəçisi 17 saylı cəzaçəkmə müəsissəsində olub. E.Behbudov orada saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşə bilib. Q.Zahid də türmə işçilərindən narazılıq etməyib. Komitə sədrinin sözlərinə görə, baş redaktor deyib ki, məhbəsdə ingilis dilini öyrənir: “Qənimət bildirir ki, bir az da burada qalsam artıq fransız dilini də öyrənəcəm. Özü deyir ki, türmənin yaxşı kitabxanası var və o, bundan istifadə edir. Türmədə yardımçı təsərrüfat yaradıblar və məhbusları təzə-təzə pomidor, xiyar, göyərti ilə təmin edirlər”. Səbinə Əvəzqızı/ANS Press/.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|