|
Kriminal / 04.07.2008 15:03 «Əl Qaidə» ilə əməkdaşlıqda ittiham edilən dəstənin qapalı məhkəmə istintaqı başa çatıb
Məhkəmə iyulun 14-də dövlət ittihamçısının çıxışı ilə davam edəcək
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə «Əl Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda ittiham edilən dəstənin qapalı məhkəmə istintaqı başa çatıb. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, prosesdə dövlət itihamçısına çıxış üçün söz verilib. Prokuror məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iyulun 14-də davam edəcək. Xatırladaq ki, cinayət işi üzrə “Əbu Cəfər” adlı şəxs və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov, Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov, Daniyal Abuyev, Rafael Rəhimov və “Əbdul Malik” və “Hacı” ləqəbləri ilə tanınan Elçin Əlimirzəyev təqsirləndirilirdi. Iş üzrə üç nəfər zəzəçəkmiş var. Dəstə üzvlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, dəstə üzvləri 2007-ci ilin oktyabr-noyabr aylarında MTN tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunsalar da, Əbu Cəfər dəfələrlə qaçamağa müvəffəq olub. Ötən il noyabrın 2-3-də MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsi tərəfindən aparılan əməliyyat nəticəsində o, qrupun bir neçə üzvü ilə birlikdə həbs olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı ötən il sentyabrın 26-da Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Telman Abdullayev odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|