|
İqtisadiyyat / 04.07.2008 11:56 Yaxın vaxtlarda dünya bazarında təbii qaz neftlə bərabər qiymətə satılacaq
OPEK-in prezidenti Şəkib Xəlil bunu neft hasilatının həcminin azalması ilə əlaqələndirib
Dünya bazarında təbii qazın qiyməti neftin qiymətinin səviyyəsinə çata bilər. Bunu OPEK-in prezidenti Şəkib Xəlil bildirib. Neft ixracatçısı ölkələri təşkilatının prezidenti, Əlcəzairin energetika naziri Şəkib Xəlil bəyan edib ki, qaz neftin ardınca bahalaşacaq və gələcəkdə «mavi yanacağın» qiyməti artıq «qara qızıl»ın dəyərinin səviyyəsinədək yüksələcək. Şəkib Xəlilin sözlərinə görə, Əlcəzair neft hasilatını azaldaraq, səylərini təbii qazın hasilatında cəmləşdirir. Bununla yanaşı, Qətərin energetika naziri Abdullah Əl-Əttiyə isə qeyd edib ki, ekoloji təmiz yanacaq növü olan qaz neftin alternativi sayılır: «Buna görə də qazın qiyməti ən azı neftin qiyməti ilə müqayisə olunacaq səviyyəyə çatmalıdır».
BP neft şirkətinin məlumatına görə, 2007-ci ildə dünya üzrə neft istehlakının həcmi 1,1% artığı halda, qazın istehlakı 3,1% çoxalıb. Müqayisə üçün qeyd edək ki, hazırda Böyük Britaniyada qazın qiyməti neftin qiymətinin 86 dollar/barrel göstəricisinə ekvivalentdir. Bundan başqa, ötən il Birləşmiş Krallıqda qazın qiyməti 38%, neftin dəyəri isə 51% artıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|