|
İqtisadiyyat / 04.07.2008 11:05 Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçiriləcək
Tədbirdə iki ölkənin iş adamları arasında iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq müzakirə ediləcək
Bu gün Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək. Bu barədə Azərbaycanda ixracın və investisiyaların təşviqi fondundan (Azpromo) məlumat verilib. Çexiyanın xarici işlər naziri Karl Şvarsenenbergin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən biznes-forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə «Azpromo» tərəfindən təşkil olunur. Çexiya tərəfindən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, ondan artıq iri şirkətin rəhbərləri və nümayəndələrinin iştirakı nəzərdə tutulub. Çexiya iş adamları əsasən enerji, tikinti, sənaye, mühəndislik, maliyyə, informasiya texnologiyaları və digər sektorların nümayəndələri təmsil edəcək. Tədbir zamanı iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirdə «Azpromo»nun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyev Azərbaycanda investisiya mühiti və biznes imkanları, Çexiyanın MDB ölkələri üzrə ticarət və sənaye palatasının icraçı direktoru Frantişek Masopust isə Çexiya iqtisadiyyatı və investisiya imkanları barədə təqdimatlarla çıxış edəcəklər. Forumda Çexiyanın «Aero trade», Ats, «Energo-pro group», «Mavel», «Czech tourism», «Eximbank»ın və s. şirkətlərinin nümayəndələri qatılacaqlar. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|