|
Hadisə / 04.07.2008 01:42 Türkiyənin hakim partiyası Konstitusiya Məhkəməsində müdafiə çıxışını başa vurub
200 səhifəlik müdafiə nitqi ilə çıxış edən Cəmil Çiçək hakim paritiyanın Türkiyədə dünyəviliyə təhlükə yaratmadığını bildirib
Türkiyənin Konstitusiya Məhkəməsində bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi f'aliyyətinin dayandırılması iddiası üzrə qapalı iclas keçirilib. İclasda çıxış edən dövlət naziri Cəmil Çiçək və Türkiyə parlamentinin sədr müavini Bəkir Bozdağ hakim partiyanın mövqeyini müdafiə ediblər. Ədalət və İnkişaf Partiyası adından 200 səhifəlik müdafiə nitqi ilə çıxış edən Cəmil Çiçək hakim paritiyanın Türkiyədə dünyəviliyə təhlükə yaratmadığını sübuta yetirməyə çalışıb. Dövlət naziri çıxışında partiyanın hakimiyyətdə olduğu 6 illik fəaliyyəti haqqında məlumat verib, bu illərdə paritiyanın daxili, xarici, iqtisadi sahədə siyasətindən danışıb. Xatırladaq ki, iyulun 1-də baş prokuror Əbdurrəhman Yalçınkaya çıxış edərək, AKP-nin Türkiyədə dünyəvilik əleyhinə fəaliyyətdə ittiham edib. O, partiyanın faliyyətinin dayandırılmasını, baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla təşkilatın 70 fəal üzvünün siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edib. Qeyd edək ki, bundan sonrakı mərhələdə Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can proseslə bağlı məlumatları və sənədləri toplayıb iddia haqqında hesabat məruzəsi hazırlayacaq. Məruzə Konstitusiya Məhkəməsinin 11 üzvünə paylandıqdan sonra məhkəmənin sədri Haşim Kılıç AKP-nin faliyyətinin dayandırılması iddiası üzrə yekun qərarın çıxarılacağı iclasın vaxtını müəyyən edəcək. İddianın qəbul edilməsi üçün isə Konstitusiya Məhkəməsinin 11 üzvündən ən azı 7-sinin razılığı tələb olunur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|