|
İqtisadiyyat / 03.07.2008 12:22 Dəniz körpüsü ilə bağlı layihə yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim ediləcək
Təqdimatda körpünün son dizaynı, quruluşu, texniki imkanları və digər parametrlər əksini tapacaq
Cənubi Koreyanın «Dong sung engineering» şirkəti «Bakı körfəzi dəniz körpüsü» layihəsinin texniki-iqtisadi əsaslandırılması yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim edəcək. Bu barədə açıqlamasında Təqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib. Sədrəddin Məmmədovun sözlərinə görə, hazırda koreyalı mütəxəssislər «Bakı körfəzi dəniz körpüsü» layihəsinin təqdimatı üzərində işləyir: «Təqdimatda körpünün son dizaynı, quruluşu, texniki imkanları və digər parametrlər əksini tapacaq. S.Məmmədov həmçinin əlavə edib ki, bu təqdimatdan sonra Azərbaycan tərəfinin rəyləri nəzərə alınmaqla sənəd yenidən işlənəcək və güman olunur ki, bundan sonra körpünün tikintisi ilə bağlı qərarın qəbul edilməsi mümkündür.
Qeyd edək ki, Bakının Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzərindən salınacaq körpünün əsas hissəsinin uzunluğu 14,5 km təşkil edəcək. Layihəyə görə, Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə ümumi uzunluğunun isə 26 kilometr olacağı gözlənilir. körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. bundan başqa körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Nəqliyyat Nazirliyindən həmçinin bildiriblər ki, dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq.
Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq. Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində vəsait ayıracaq. Ümumilikdə dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|