|
İqtisadiyyat / 03.07.2008 11:03 Dolların avroya nisbətən ucuzlaşması Azərbaycan üçün sərfəli deyil
Azərbaycanın iqtisadi ekspertlərinin fikrincə, avronun bahalaşması Azərbaycan üçün yaxşı heç nə vəd etmir
Dolların avroya nisbətən ucuzlaşması Azərbaycan üçün sərfəli deyil. Azərbaycanın xaricə ixrac etdiyi məhsulun əsasını neft təşkil edir ki, bu da dollara satıldığına görə, gəlirlərin azalması deməkdir. Ekspert Oktay Haqverdiyev bildirib ki, belə davam edərsə, gələcəkdə bəzi ölkələr öz neftini avro və ya başqa valyutaya sata bilərlər. Məsələn, artıq qonşu İran belə bir təşəbbüslə çıxış edib.
Parlamentin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli də qeyd edib ki, dolların avro qarşısında ucuzlaşması neftin bahalaşmasına səbəb olur. Bu da xaricdən ölkəyə gətirilən malların qiymətinin qalxması ilə nəticələnir: «Bizim ticarət patnyorlarımız isə əsasən Avropa ölkələri olduğundan, bu, Azərbaycanda inflyasiyanın artmasına gətirib çıxarır».
Avronun bahalaşmasının Azərbaycanda qiymətləri artırdığını Sahibkarlar Konfederasiyasının sədri Ələkbər Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandakı iş adamları hələ də psixioloji baryeri keçə bilmirlər: «Yəni, dolların ucuzlaşmasına baxmayaraq hələ də alış verişi dollarla aparmağa üstünlük verirlər». Ancaq Ələkbər Məmmədov bildirib ki, Azərbaycanın xarici ticarəti tədricən Avropa ölkələri ilə genişləndiyindən iş adamları da bu ölkələrdə alış verişi avro ilə aparırlar. Və gələcəkdə bu, Azərbaycanda dolların öz yerini avroya verməəsi ilə nəticələnəcək.
Dolların gələn ildən etibarən bahalaşacağı ilə bağlı proqnnozlara gəlincə, ekspertlər buna o qədər də inanmırlar. Oktay Haqverdiyev qeyd edib ki, dolların bahalaşması yalnız Avropa İttifaqı dağılacağı təqdirdə baş verə bilər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|