|
Mədəniyyət / 30.06.2008 12:49 Almaniyada Azərbaycanın mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq
Sərgi bu ilin avqust ayından noyabra kimi Berlin Etnoqrafiya Muzeyində,noyabrdan gələn ilin mart ayına kimi isə Drezden Etnoqrafiya Muzeyində olacaq
Almaniyada keçirilən Azərbaycan ili çərçivəsində avqust ayından noyabr ayınadək Berlin Etnoqrafiya Muzeyində, 2008-ci ilin noyabr ayından gələn ilin mart ayına kimi isə Drezden Etnoqrafiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Artıq Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət İncəsənət Muzeyinin işçiləri sərginin təşkili ilə əlaqədar Berlindədir. Sərgidə Azərbaycanın tarixini, maddi-mədəni irsini ətraflı şəkildə alman tamaşacısına təqdim etmək məqsədilə Dövlət İncəsənəti Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı-kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir Şəhərinin tarixi Muzeylərindən eksponatlar nümayiş ediləcək. Bundan əlavə Milli Tarix Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi, Əlyazmalar İnstitutu, Dövlət Arxiv İdarəsi və Milli Kitabxanadan da materiallar toplanıb sərgiyə çıxarılacaq. Bununlada təxminən bir il ərzində alman tamaşaçılarının Azərbaycanın qədim mədəniyyəti ilə yaxından tanış olması üçün imkan yaranacaq./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|