|
Mədəniyyət / 29.06.2008 12:57 Sazla bağlı kitab çap edilib
Məqsəd - milli musiqi alətlərimizin qorunub-saxlanılması, həm də onların daha geniş formada yayılmasıdır
Bu günlərdə Mədəniyət və Turizm Nazirliyinin dəstəyi ilə «Saz məktəbi» adlı kitab işıq üzü görüb. Toplunun müəllifləri Milli Konservatoriyanın rektoru, professor Səyavuş Kərimi, məktəbin baş müəllimi Mübariz Əliyev və «Musiqi tarixi və nəzəriyəsi» kafedrasının müdiri, professor Akif Quliyevdir.
Sənətşünaslıq namizədi Vaqif Əbdülqasımov, əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev və professor Məhərrəm Qasımlının rəy verdiyi kitaba elmi redaktorluğu sənətşünaslıq namizədi Tariyel Məmmədov edib. Akif Quliyevin sözlərinə görə, «Saz məktəbi» kitabını yazmaqda məqsəd milli musiqi alətlərimizin qorunub-saxlanılması, həm də onların daha geniş formada yayılmasıdır.
Topluda saz alətinin əsrlərin dərinliyindən gələn ifaçılıq üsulları və terminalogiyası ardıcıl olaraq, ən əsası isə müasir anlamda sistemləşdirilib. 230 səhifədən ibarət nəfis tərtibatla nəşr olunan kitab musiqi məktəbləri, həvəskarlar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|