|
Elm / 28.06.2008 11:44 Bu il Türkiyə universitetlərini 200-ə yaxın azərbaycanlı gənc bitirib
Buraxlış münasibəti ilə keçirilən tədbirdə Türkiyə prezidentinin köməkçisi Hüseyn Avni Karslıoğlu da iştirak edib
Bu il Türkiyənin müxtəlif universitetlərindən 200-ə yaxın azərbaycanlı gənc məzun olub. Onlardan bəziləri Türkiyənin ən nüfuzlu universitetlərinin tarixində indiyə qədər görünməmiş yüksək bal toplayıblar. Bu münasibətlə Ankarada buraxılış tədbiri keçirilib. Tədbirlər Ankaradakı Heydər Əliyev parkından başlanıb. «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimovun rəhbərlik etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilən tədbirdə Türkiyə prezidentinin köməkçisi Hüseyn Avni Karslıoğlu, ölkənin Təhsil Nazirliyi və ali təhsil qurumunun rəhbərləri, nüfuzlu universitetlərin professorları iştirak ediblər. Ankara, İstanbul, İzmir, Bursa, Konya, Eskişehir və digər şəhərlərdəki universitetlərdə təhsillərini uğurla başa vuran azərbaycanlı məzunlar əvvəl Türkiyə daha sonra Azərbaycan himnlərini səsləndiriblər. Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məzunları təbrik edərək, onlara uğurlar arzulayıb. Türkiyə prezidenti köməkçisi Hüseyn Avni Karsıloğlu gənclərin Azərbaycan və Türkiyənin gələcək həyatında mühüm yer tutacaqlarını deyib. Azərbaycanlı məzunlar isə öz növbələrində ölkə prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq təhsillərini bitirdikdən sonra fəaliyyətlərini Azərbaycanda davam etdirəcəklərini bildiriblər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|