|
Din / 25.06.2008 14:23 Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə dəyirmi masa keçirilib
«Müasir Azərbaycan cəmiyyəti və müsəlman qadın» mövzusunda keçirilən tədbirdə ANS-Press Nəşriyyat Evinin «Karvan» jurnalının əməkdaşıda çıxış edib
«Mənəvi Saflığa Dəvət» İctimai Birliyi Həzrət Məhəmməd peyğəmbərin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə «Müasir Azərbaycan cəmiyyəti və müsəlman qadın» mövzusunda dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə açan «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin sədri Elşən Mustafaoğlu Həzrət Fatimənin doğum gününün İslam aləmində qadınlar günü kimi qeyd edildiyini vurğulayıb. O bu bayram münasibətilə Azərbaycan xalqını, bütün müsəlmanları, xüsusən xanımları təbrik edib. «Bu gün, müsəlman dünyasında «Qadınlar günü» kimi qeyd olunur. Bir çox toplumlarda süni «qəhrəmanlar», «nümunəvi simalar» ərsəyə çıxarıldığı halda, bir müsəlman ümməti olaraq bizim Həzrət Fatimə kimi dühalarımız vardır. Belə dahi şəxsiyyətləri andıqca, sanki dühalığın özünü fəth etmiş oluruq. Yalnız bu kimi şəxsiyyətləri həyat nümunəsi qərar verməklə həyat tərzimizi ülviləşdirə bilərik. Anaları-qızları xanım Fatimeyi-Zəhra məktəbindən dərs alan cəmiyyəti çağdaş dünyamızda şahidi olduğumuz mənəviyyatsızlıq, əxlaqsızlıq, narkomaniya, alkoqolizm, rüşvətxorluq, tüfeyli həyat tərzi və s. rəzilliklər təhdid edə bilməz.» Sonra «Aydınlığa Doğru» İctimai Birliyinin sədri Solmaz Əmirli «Müasir qadın kimdir?», «Mənəvi Saflığa Dəvət» İctimai Birliyinin koordinatoru Könül Quliyeva «İdeal qadın - Fatimə» mövzusunda çıxış edibəlrə. Onlar Fatimeyi-Zəhranın nümunəvi həyatı haqqında məlumat veriblər. Birliyin direktoru Hakim Əlizadə «İslam və qadın» mövzusunda məruzə ilə çıxış edib müasir dünyada, o cümlədən Azərbaycan cəmiyyətində müsəlman qadınların rolu və s. barədə daışıb. Tədbirdə həmçinin ANS-Press Nəşriyyat Evinin «Karvan» jurnalının əməkdaşı Vüsalə Abasova «Həzrət Fatimə timsalında İslamın qadına verdiyi dəyər» mövzusunda çıxış edib,mübarək gün münasibətilə xanımları təbrik edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|