|
Afişa / 23.06.2008 12:55 Çingiz Mustafayev adına Mədəniyyət Evində rəssam Ələkbər Rzaquliyevin sərgisi olacaq
İyunun 26-da açılacaq sərgi bütün yay boyu davam edəcək
İyunun 26-da Şəkidə yerləşən Çingiz Mustafayev adına Mədəniyyət Evində növbəti rəsm sərgisinin açılışı olacaq. Bu dəfə Mədəniyyət Evində mərhum rəssam Ələkbər Rzaquliyevin (1903-1974) əsərləri nümayiş ediləcək. Stalin repressiyaları dövründə pantürkist ideyalarını yaymaq şübhəsi ilə üç dəfə həbs edilən və ömrünün təxminən 25 ilini həbsdə və sürgündə keçirən rəssam iki əsrin astanasında olan Bakını təsvir edən ağ-qara linoleum qravüraları ilə məşhurdur. Ə. Rzaquliyev Bakı İncəsənət Kollecinin ilk şagirdlərindən olub və 1922-ci ildə kolleci bitirib. 1925 – 1928-ci illərdə təhsilini Moskva Rəssamlıq Məktəbində davam etdirib. Rzaquliyev 20-ci illərin əvvəlində Azərbaycanda yarandığı gündən Kommunist Partiyasını dəstəkləyib. Rzaquliyevın müvəffəqiyyət qazanmış rəssam olmaq arzusu 1928-ci ildə qəfildən maneəyə rast gəlib. Onun dostlarından biri, “pan-Türkist fikirlər”inin yayılmasında günahlandırılaraq həbs edilib. Rzaquliyevin onunla əlaqəsi olduğuna görə, o da həbs edilib və altı il müddətinə Rusiyanın şimal-qərbində yerləşən soyuq buzlu, az məskunlaşmış Arxangelsk vilayətinə sürgün edilib. Həbsdən azad edilib Bakıya qayıtdıqdan az sonra Rzaquliyev yenidən həbs edilib və buzlu Arktikada yerləşən Solovkiyə sürgün edilib. 1947 – 1949-cu illər arası Rzaquliyev və onun ailəsi Azərbaycanın şimal-qərb bölgələrində yaşayıb. 1949-cu ildə, ikinci qızı Sevil anadan olduqdan bir az sonra, Rzaquliyev yenidən həbs edilib və Rusiyanın şimalındakı Altay Vilayətinə sürgün edilib. Sürgündə olarkən o, ikinci dəfə evlənib. 1956-cı ildə, Stalinin ölümündən üç il sonra Rzaquliyev əfv edilib və sürgündən azad edilib. Amma qarlı mühitdə sürgün illəri onun gözlərinə tə’sir edərək, rəng çalarlarını ayırd etmək qabiliyyətini əlindən alıb. Rzaquliyevin rəssam həmkarı Rasim Babayev onu linoleum qravüralarla çalışmağa həvəsləndirib, çünki onları yaratma texnikası o qədər də çətin deyil və rənglərin istifadəsi tələb edilmir. Rzaquliyevin şəkilləri gündəlik işlə məşğul olan insanları, yəni xalıları yuyan, lampaları yandıran, su satan insanları əks etdirir. Yəqin ki, onun adi işlərə verdiyi bu diqqət az qala 25 illik sürgündə özünün belə işlərlə məşğul olmaq imkanından məhrum olması ilə bağlı dır. İnadla çalışması nəticəsində Rzaquliyev 1974-cü ildə vəfat etməzdən qabaq məşhurlaşa bilib. 1963-cü ildə, 60 yaşında, o, öz ilk və tək sərgisini təşkil edib. 1964-cü ildə ona Əməkdar İncəsənət Xadimi adı verilib. Onun əsərləri Sovet İttifaqının əksər muzeylərində, o cümlədən, Puşkin Muzeyində, Ermitajda və Şərq Xalqlarının Muzeyində qoyulub. Qeyd edək ki, sərgi bütün yay mövsümü davam edəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|