|
Elm / 14.06.2008 11:47 Buraxılış imtahanından "2" alan məzunlara növbəti şans verildi
Attestat almaq istəyən məzunlar iyunun 19-da Ankara liseyində növbəti imtahan verməli olacaqlar
Ölkə üzrə orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri məzunlar və onların arasında böyük narazılığa səbəb olub. Yaranmış problemə aydınlıq gətirən təhsil naziri Misir Mərbanov bildirib ki, qurum bir sıra güzəştlər tətbiq edib. Güzəştlərə görə 10-11-ci sinifləri, eləcə də sınaq imtahanlarını müsbət qiymətlərlə başa vuran, amma sonuncu imtahandan "2" alan məzunlara növbəti şans verilib. « Biz onlarla iyunun 19-da Ankara liseyində növbəti imtahan keçirməyə hazırıq. İmtahanda valideyn, QHT-lər, millət vəkilləri iştirak edəcəklər. Çalışacağıq ki, attest alanların sayını artıraq». Xatırladaq ki, orta məktəblərdə buraxlış sinifləri üçün iyun ayının 6-da mərkəzləşdirilmiş qaydada imtahanlar keçirilib. İmtahanlardan "2" alan məzunlar etiraz əlaməti olaraq Təhsil Nazirliyi, Prezident Aparatı və Milli Məclisin qarşısında etiraz aksiyaları keçirmişdilər. /ANS TV /
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|