|
Nəzər Nöqtəsi / 11.06.2008 21:55 "Azərbaycan və Ermənistan arasında vasitəçilik məsuliyyətini üzərimə götürməyə cəsarət etməzdim"
Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun ANS-in "Təmiz söhbət" verilişinə müsahibəsi (2000-ci il)
- Uşaqlıq dövrünü necə xatırlayırsınız?
- Görüsünüz illər keçir. O vaxtlar uzaqlarda qalır. Uşaq vaxtına gəlincə deyim ki, xatirələrimi sənədli kitab şəklində qələmə aldım. Balaca bir kitab var, “Qırğızıstanın uşaqlığı”. Bu kitab Almaniyada alman dilində nəşr olunub. Təəssüf ki, bu kitab nə rus, nə də qırğız dillərində var. Oxucularımın çoxu bu kitabla tanış olacaq. Orda mən ona xüsusi diqqət yetirmişəm ki, mənə iki müstəvidə, iki səviyyədə tərbiyə almaq nəsib olub. Ömrümün əsas hissəsi şəhərdə keçib. Burda, Bişkekdə. O zamanlar bu şəhər Frunze adlanırdı. Qulluqçu ailəsində doğulmuşam. Valideynlərim öz dövrünün oxumuş, savadlı adamları idi. Tez-tez nənəm bizə qonaq gələrdi. Ata nənəm. mən onunla nənəm gilə, dağlara gedərdim. Bütün yayım demək olar ki, dağda keçərdi.
- Yaradıcılıq dövrünüz nə vaxta təsadüf edir?
- 14 yaşım olanda məndən xahiş etdilər ki, katib olum. 1942-ci ilin sonu, 1943-ün əvvəlində mən kənd sovetinin katibi işləyirdim. Məktəb dövrümün iki, ya da üç ilini oxumadım. 1944-cü ildə mən yenidən 7-ci sinifə yazıldım. 8-i bitirib evə qayıtmalı idim. 9–10-cu sinifləri oxuyub harasa daxil olmaq perspektivim yox idi. Ona görə ki, kasıb yaşayırdıq. Anam, 4 uşaq... Ağır zamanlar idi. Canbulda bir texnikuma girdim ki, hansısa sənət sahibi olum. Canbul texnikumunu fərqlənmə diplomu ilə bitirdim. Bu isə o demək idi ki, mən instituta da girə bilərəm və girdim.
- Mən sizi qlobal təfəkkürlə düşünən bir yazıçı kimi tanıyıram. Sanki dünyaya yuxarıdan, lap elə kosmosdan baxırsınız. Nə vaxtsa kosmanavat olmaq istəməmisiz ki?
- Sözün birbaşa mənasında yəqin ki, yox. Mən elə düşünürəm ki, kosmonavt xüsusi kateqoriya adamıdır. Məxsusi bir hazırlıq keçir, əlahiddə bir-iki qabiliyyətə malikdir. Amma bəşər övladının kosmosa daxil olmasının zamanəmizin ən nəhəng hadisəsi olduğunu nəzərə alsaq, mən heç olmasa, insanın kosmosda olmasında fikrən iştirak etmək istəyirəm.
- Siz inanırmısınız ki, qadın ondan tələb olunan hər şeyi edə bilir, hər şey edirmi ki, sabah yenidən peyğəmbər doğulsun?
- Dünya qadın və kişi başlanğıcından həll olub. Qadın başlanğıcı olmadan həyat, nəslin davamı mümkün deyil. Onların müxəlif sosial, ictimai, mədəni və digər sferalarda həyata keçirdikləri missiyaya gəlincə, burada rəngarəng mülahizələr irəli sürmək olar. Məsələn, mən oxucunun diqqətinə çatdırıram ki, qadın təbiətə işarədir, əbədiyyətin nümayəndəsidir. Digər tərəfdən qadın həyatının faciəli tərəflərini də nəzərə almaq lazımdır. Müharibələr, münaqişələr və başqa şər əməllər nəticəsində qadın çox şeydən məhrum olur.
- Cövhər Dudayevin arvadı Rusiya televiziyası ilə qara çarşabda çıxış edir və öz şerlərini oxuyur. O şerlər sizin dəniz kənarı ilə qaçan alabaşınıza okeandan baxan balaca qəhramanın oxuduğu nəğmələrə bənzəyirdi. “Dəniz kənarı ilə qaçan alabaş... Amma mənə doyunca su ver, içim”. Bəlkə qadınlara da elə o su lazımdır. Bəlkə onların hər şeydən çox o suya ehtiyacı var. Baxın bu gün kişi də var, qadın da var. Ancaq nədənsə peyğəmbərlər doğulmur. Bunun günahı kimdədir, kişidə yoxsa qadında?
- Əlbətdə bunun günahı qadında deyil. Mənə elə gəlir ki, kişi öz vəziyyətindən sui-istifadə edir. Bu mənada o günahkar ola bilər. İndi başqa sivilizasiya var. Başqa yaşayış tipi var. Əvvəllər kimsə qabaqdan gəlmişlik edirdisə, bəzi proqnozlar, rəylər söyləyirdisə, onu peyğəmbər sayırdılar. Amma indi biz başqa atmosferdə yaşayırıq. İndi belə şərtlərdə peyğəmbərlik mümkün deyil. KİV-lər, televiziya, qəzet və jurnallar, kompüterləşdirmə, elektronika o səviyyəyə çatıb ki, indi çətin kimsə peyğəmbərlik edə bilər. İnformasiya özü peyğəmbərlik funksiyasını icra edir.
- Sizə heç təklif edən olubmu ki, Azərbaycanla Ermənistan arasında da vasitəçilik edəsiniz?
- Yox belə bir təklif olmayıb. Hətta olsaydı belə, bu məsuliyyəti üzərimə götürməyə cəsarət etməzdim. Ona görə ki, sizdə də, onlarda da kifayət qədər maraqlı şəxsiyyətlər var. Onlar əzab çəkməli, düşünməli, razılığa və barışa onlar yol axtarmalıdır. Amma təəssüf ki, onlar superpatriotlardır. Patriotizm zəruridir, lazımdır. Amma patriotizmi çox tez bir zamanda aqressiyaya çevirmək olar. Ona görə də Azərbaycanda baş verənlərlə bağlı dərdlərinizə və problemlərinmizə şərik çıxıram. Amma eyni zamanda qeyd edirəm ki, sizdə intellektual, maraqlı adamlar var və onlar bu problemlə məşğul olmalıdır.
- Azərbaycan prezidenti ilə tanışsınız?
- Əlbətdə.
- Münasibətləriniz necədir?
- Gündəlik şəxsi əlaqələrimiz yoxdur. O öz böyük işləri ilə məşğuldur. Məncə çox işgüzar adamdır.
- Azərbaycanda Sizin böyük bir dostunuz var-Bəxtiyar Vahabzadə. Biləndə ki, sizinlə görüşəcəyəm, xahiş elədi ki, salamlarını sizə çatdırım. Amma eyni zamanda hiss etdim ki, o sizdən inciyib.
- Bəlkə onun məktublarına cavab yazmağa macal tapmamışam, ona görə?
- Yox-yox. Sizdən ona görə inciyib ki, 1990-cı ilin 20 yanvarında onun yanında olmamısınız.
- Hansı 20 yanvarda?
- Bizim 20 yanvarda, Bakı 20 yanvarında, Qanlı yanvarda.
- Ola bilər, ola bilər. O vaxtdan çox illər keçib. O bir daxili vəziyyətdədir, mən ayrı. Mən onu başa düşürəm. Qorxunc gərginliklər.bir var insdan öz ətrafında baş verənləri görür, hiss edir. Onda insan uzaqda olan insanın vəziyyətini çətin başa düşür. Demək çətindir. Ola bilər mən başqa bir işlə məşğul olmuşam. Başım başqa şeyə qarışıb. Lap elə öz qayğılarıma, öz problemlərimə qarışıb.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|