|
Hadisə / 16.05.2008 01:11 Şəmkirdə avtomobil magistral yoldan çıxaraq aşıb
Hadisə nəticəsində sürücü sərnişin müxtəlif bədən xəsarətləri alıblar
Şəmkir rayonu ərazisində mayın 15-də yol-nəqliyyat qəzası qeydə alınıb. Hadisə zamanı avtomobil magistral yoldan çıxaraq aşıb.
Şəmkir rayon polis şöbəsinin müstəntiqi Adil Əliyevin verdiyi məlumata görə, Teymuraz Nəriman oğlu Ocaqverdiyev idarə etdiyi «Vaz 21114» markalı avtomaşınla Bakı-Qazax yolunun Şəmkir rayonu Sarıtəpə kəndi ərazisindən Bakı istiqamətində hərəkətdə olarkən avtomaşını aşırıb. Baş vermiş hadisə nəticəsində Teymuraz Ocaqverdiyev və maşında olan sərnişin Asif Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralıları dərhal rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. Qəzaya uğramış avtomobilin sürücüsü Teymuraz Ocaqverdiyevin vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb. Avtomaşını idarə edən sürücünün hadisə zamanı sərxoş olduğu bildirilir. İşi araşdıran müstəntiqin sözlərinə görə, təyin olunan məhkəmə tibbi ekzpertizasının verəcəyi rəydən sonra rayon polis şöbəsində cinayət işinin başlanıb-başlanmaması araşdırılacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|