|
İç Xəbər / 16.05.2008 00:02 Qazaxın Ermənistanla sərhəd kəndlərində yerli televiziya kanallarını izləmək olmur
Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin bütün evlərində Ermənistan televiziyaları aydın göstərir
Qazax rayonunun Ermənistanla sərhəd olan üç yaşayış məntəqəsində- Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərində əhali yerli televiziya kanallarını izləyə bilmir. Əvəzində kəndin bütün evlərində Ermənistan televiziyaları aydın göstərir.
Yerli sakinlərin sözlərinə görə, 3 il əvvəl Ermənistan tərəfdən qoyulan teleötürücü kəndlərdə yerli televiziyaların yayımına maneə yaradıb. Maneələr, yəni Azərbaycan televiziyalarının dalğalarının vurulması əsasən günorta saatlarında güclənir. Yerli telekanalların yayımı pozulur, əksinə, əhali Ermənistan televiziyalarının yayım keyfiyyəti yüksəlir.
Mövcud problemlə bağlı bir müddət əvvəl əraziyə mütəxəssislər qrupu baş çəkib. Məsələnin yaxın zamanlarda həll ediləcəyi bildirilsə də, vədə əməl olunmayıb.
Qeyd edək ki, sərhəd kəndlərində yerli telekanalların yayımının təmin olunması və erməni televiziyalarının dalğalarının qarşısının alınması tələbi ilə Qazax rayonunun icra hakimiyyəti ölkənin müvafiq qurumlarına rəsmi müraciət edib. Seçki ili başlasa da, hələlik məsələnin həlli istiqamətində müvafiq addımlar atılmayıb. Qazax icra hakimiyyəti başçısının 1-ci müavini Fərman Nağdalıyevin verdiyi məlumata görə, bununla bağlı Rabitə Nazirliyi ilə, Teleradio İstehlak Birliyi ilə bu istiqamətdə danışıqlar söhbətlər aparılsa da, bu günə qədər elə bir dönüş olmayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Qulam Abdullayev Qazaxın adı çəkilən sərhəd kəndlərində yerli telekanalların yayımı ilə bağlı problemin mövcudluğunu etiraf edib və bunun Ermənistan tərəfdə güclü ötürücü qurğuların qoyulması ilə əlaqələndirib. O bildirib ki, Azərbaycan tərəfində də lazımı tədbirlərin görülməsinə başlanılıb. Nazirlik nümayəndəsinin sözlərinə görə, qurum ümumiyyətlə ölkədə xarici telekanalların efir məkanına müdaxiləsinin qarşısının alınması üçün konkret tədbirlər proqramına malikdir və nazirlik bu işi mütəmadi olaraq davam etdirir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|