|
İqtisadiyyat / 15.05.2008 23:26 Ölkədə gəlirlərin 80 faizi ərzağa xərclənir
Rəsmi statistikaya görə, indi ölkənin vətəndaşlarının 16 faizi yoxsuldur
Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci illə müqayisədə 3 dəfə azalsa da, ölkədə hələ də yoxsullar var. Əgər 2007-ci ildə aylıq gəliri 64 manatdan az olanlar yoxsul sayılırdısa, bu ildən bu rəqəm 70 manata çatdırılıb. Başqa sözlə, gündəlik gəliri 2 manat 30 qəpikdən az olanlar özlərinə yoxsul deyə bilər. Rəsmi rəqəmlərə inansaq, indi ölkənin 100 vətəndaşından 16-sı, yəni 1 milyon 380 mini yoxsuldur. Rəsmi statistikaya görə, aylıq gəliri yaşayış minimumundan- 70 manatdan az olanlar yoxsuldur. Amma ölkələrdən asılı olaraq yoxsulluq həddi müxtəlif olur.
Məsələn Amerikada gündəlik 100 dollardan az qazanan yoxsul sayılır. Bu ölkədə gündəlik gəlirin cəmi 30 faizi yeməyə xərclənir. Qalanı isə istirahət və yığım üçün istifadə olunur. Statistikaya görə, Azərbaycanda gəlirlərin 71 faizi yemək və paltara xərclənir. Ekspertlər isə bununla razılaşmırlar. Mütəxəssislərin fikrincə, əhalinin gəlirlərinin 80 faizi ərzağa sərf olunur. Ekspert Vüqar Bayramovun sözlərinə görə, ölkədə mövcud olan qiymət artımı yoxsulluğun səviyyəsini qaldırır: «Bu, əslində insanların bir qisminin yoxsul yaşamasından xəbər verir. Çünki ərzaq məhsullarına yönəldilən vəsaitin həcminin artması bu əslində yoxsulluq həddini müəyyənləşdirən elementlərdən biridir». Dünya Bankında isə hesab edirlər ki, Azərbaycanda əhalinin 30 faizi yoxsuldur. Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda 240 manat aylıq gəliri olan şəxs orta təbəqənin nümayəndəsi hesab olunur. Lakin həmin orta təbəqənin nümayəndəsi hesab olunan vətəndaş əldə etdiyi gəlir hesabına ehtiyacını tam təmin edə bilmir. Buna qiymətlərin baha olması imkan vermir. İqtisadçı ekspertin fikrincə, bu vəsait hesabına həmin vətəndaş öz mənzil problemini həll edə bilmir.
İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, bir nəfərin minimal yaşayışını təmin etmək üçün o, ayda azı 113 manat qazanmalıdır. Hökumət isə işləyənlər üçün yaşayış minimumunu 70 manatdan hesablayır. 15 yaşa qədər uşaqların minimal yaşayışını təmin etmək üçün isə hökumətin hesabladığı 59 manat bəs etmir. Bu rəqəm azı 101 manat olmalıdır. Pensiyaçılar da minimum yaşayışla təmin olunmaq üçün ayda 83 manat almalıdır.
Mütəxəssislərin fikrincə, ünvanlı sosial yardımlar üçün ehtiyac meyarına da dəyişiklik etmək lazımdır. Bu hədd yoxsulluq səviyyəsinə çatdırılmalıdır. Ekspertlər hesab edirlər ki, ehtiyac meyarının artım tempi azı rəsmi inflyasiya qədər-16-17 faiz artırılmalıdır.
Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Hadı Rəcəbli ANS TV-yə bildirib ki, yaşayış minimumları və ehtiyac meyarı ildə bir dəfə dəyişdirilir. Amma büdcəyə dəyişikliklərdən sonra əmək haqqı və pensiyaların artırılması nəzərdə tutulub. Bahalaşmanın yaşayış minimumlarına təsirinə gəlincə, Hadı Rəcəbli bildirib ki, hər il əhalinin əmək haqqı və pensiyalarının artımı inflyasiyanı üstələyir: «Əmək haqqı və pensiyaların artımı isə ciddi inflyasiyaya səbəb ola bilməz». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|