|
Elm / 15.05.2008 14:02 Diplomatiya Akademiyası 2009-cu ilin sonunadək bir illik magistr proqramı yaradacaq
Bu barədə Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev məlumat verib
Bu gün Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev mətbuat konfransı keçirib. ANS PRESS-n məlumatına görə, H. Paşayev mətbuat konfransının keçirilməsində məqsədin görülən işlər barədə məlumat vermək olduğunu bildirib. O, hazırda Diplomatiya Akademiyasının qarşısında iki məqsəd olduğunu qeyd edib: “Birinci məqsəd mövcud diplomatlara xarici siyasət barədə təlim-təhsil işlərini öyrətmək üçün təlim hazırlanan proqramdır. Proqram çərçivəsində yeni diplomatlar üçün 2007-ci ilin iyun-dekabr ayları ərzində 6 aylıq kurs keçilib və 24 əməkdaş hazırlanıb. Digər məqsəd bir illik magistr proqramı yaratmaqdır ki, bu proqram 2009-cu ilin sonunadək hazırlanacaq. Proqram çərçivəsində ilk olaraq 25-50 tələbə ilə başlanması planlaşdırılır, sonradan isə tələbələrin sayı 250-dək yüksəldiləcək”. H. Paşayevin sözlərinə görə, akademiya müəllimlər hazırlanması üçün də işlər görmək niyətindədir: “Bu proqramı həyata keçirmək üçün xarici professor, müəllim və xarici siyasətdə məhşur adamlara ehtiyac olacaq”. Akademiyanın Tədqiqat Mərkəzinin rəhbəri, ABŞ-ın tanınmış politoloqu Pol Qobl bildirib ki, işlədiyim müddətdə cavan diplomatlara analitik işi düzgün aparmağı və yazmağı öyrədəcəm. "Diplomatiya Akademiyası Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində işlərə başlayacaq və fəaliyyətini gücləndirəcək". Xatırladaq ki, Akademiyanın Tədqiqat Mərkəzi ayda iki dəfə Azərbaycan və regiona aid məqalələrdən ibarət olan “Azərbaycan dünyada” adlı elektron jurnal hazırlayır. Mərkəz həmçinin “Müasir Diplomatiya və Konsulluq Hüququ” kitabını nəşr edib.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|