|
Din / 15.05.2008 13:24 Danimarkada hakimlərin dini simvollardan istifadə etməsi qadağan ediləcək
Ədliyyə naziri Lene Espersen Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib ki, məhkəmə hakimləri bitərəf olmalıdır
Danimarka hökuməti məhkəmə hakimlərinin hicab, xaç, yəhudi kepi, buddist əmmaməsi kimi dini simvollardan istifadə edə bilməyəcəyinə qərar verib. CNN Türkun verdiyi məlumata görə, ədliyyə naziri Lene Espersen Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib ki, məhkəmə hakimləri bitərəf olmalıdır. "O səbəblə də məhkəmə zalında dini və siyasi simvolların qadağan olunmasını qərarlaşdırdıq”. Nazir deyib ki, hökumətin bu barədə hazırlayacağı qanun paketi parlamentin payız sesiyasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, müstəqil bir qurum olan hakimlər və prokurorlar gildiyası ölkədə hicablı hakim olmadığı halda, qadın hakimlərin məhkəmədə hicab geyinə biləcəyini qərarlaşdırmışdı. Baş nazir Anders Fogh Rasmussen isə müstəqil qərarın təminatı olan hakimlərin məhkəmədə dini simvoldan istifadə etməsinin doğru olmayacağını bildirmişdi. /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|