|
Nəzər Nöqtəsi / 10.05.2008 01:12 Dünyadan 7 il irəlidə!
Heydər Əliyevin uzaqgörənliyini sübut edən adi bir detal
Bu gün zəmanəmizin ən görkəmli Azərbaycanlılarından birinin, bir sıra məqamlarda isə birincisinin, formaşmasında və möhkəmlənməsində müstəsna xidmətləri olmuş dövlətimizin sükanı başında uzun illər dayanmış Heydər Əliyevin 85 yaşı tamam olur. Bir aydan artıqdır ki, ölkə Heydər Əliyevin ad günü təntənələri içindədir. Sıravidən aliyə hamı olduqca maraqlı və zəngin həyat yolu keçmiş, taleyi millət və dövlət taleyi ilə assosiasiya olunan bu şəxsiyyət, onun miqyaslı təfəkkürü, uzaqgörənliyi, böyük streteqliyi barədə ən xoş sözlər deyir, onunla bağlı ən yaddaqalan xatirələrini ictimailəşdirir. Azərbaycanın ən yeni tarixinin arxivinin ən maraqlı epizodları ilə zəngin ANS olaraq əlbəttə ki biz də ənənəvi yolla gedə bilər, təkcə elə onun ANS TV-yə müxtəlif dövrlərdə verdiyi eksklüziv müsahibələri ardıcıllıqla dərc etsəydik qalın bir kitaba sığan elmi-nəzəri-biblioqrafik iş ortaya qoya bilərdik. Amma biz bu yolla getmədik. Heydər Əliyevin uzaqgörənliyini sübut edən adi bir detala diqqətinizi yönəltmək istədik. Bununla çox şey demiş olacağımıza inanırıq. 2001-ci ilin əvvəlini yəqin ki, xatırlayırsınız. O zamanlar dünyanın aparıcı dövlətlərinin prioritet və məqsədləri də yadımızda olmalıdı. Amerika Birləşmiş Ştatlarının dünyada neft axtarışı və bu axtarışın ideoloji bazasının hazırlanması üçün atılan, terrorçuluqla mübarizə adı altında həyata keçirilən, amma heç də həmişə terrorçuların zərərsizləşdirilməsi ilə bitməyən əməliyyatlar, qurunun oduna yandırılan yaşıl dəyərlər, yəni islamın hədəfə alınması kimi tendensiyalar… İndi isə həyətdə 2008-ci ildir. Aparıcı dövlətlər dünyada artıq başqa təhlükələrdən danışır. Fikir verirsinizsə, «terrorçular» da sanki sakitləşib, baxmayaraq ki, «onları» (?) narahat edən problemlərin biri də həll edilməyib. Nə Birləşmiş Ştatlar İraqdan və Əfqanıstandan çıxıb, nə İran öz məqsədlərindən imtina etdiyini rəsmən bəyan edib. Amma daha biz gözləri bağlı qurbanların arxasında ərəb hərfləri ilə yaşıl və ya qara fonda dayanmvış əli bıçaqlı qəssabların mətn diqtə etdirəndən sonra qətlə yetirdiyi insanları görmürük. Allah daha göstərməsin. Amma o zamanlar belə kadrlar çox idi. Az qala hər həftə bir neçə belə hadisənin şahidi olurduq. Bu gün, 2008-ci ildə başqa hədəflər ortadadır. Dünya böyük bir ərzaq böhranı qarşısındadır. Və Amerirka Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Rusiya, Almaniya kimi qüdrətli dövlətlərin rəhbərləri sanki birdən ayılıb. Onlar belə bir dəhşətli təhlükə qarşısında özlərini necə aparmaq yolları barədə yalnız bu yaxınlarda düşünməyə başlayıblar. Biz isə yenidən 2001-ci ilə qayıdırıq. Mart ayının 2-nə. Sizə bir sənəd təqdim edirik. O belə adlanır:
«AZƏRBAYCAN RESPUBLİKASININ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROQRAMI» Sənəddə yaxın 10 il, yəni 2001-2011-ci il üçün ölkənin ərzaq təminatı sahəsində siyasi xətt ən xırda detallaradək göstərilir. Makroiqtisadi və maldiyyə siyasətinin strategiyasvı, pul, büdcə, vergi, ticarət və gömrük siyasəti, kənd təsərrüfatının inkişaf strategiyası üzrə bütün tövsiyyələr verilir. Ən maraqlısı isə bu praqraflardır: sağlam qidalanma və ərzağın keyfiyyətinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi üçün tədbirlər, sosial müdafiə mexanizmləri və hətta (Diqqət! Diqqət!) Fövqəladə vəziyyətə hazırlıq nəzərdə tutulur: Sənəddən- 1. 6. «Kənd Təsərrüfatının inkişaf stretegiyası» yarımbaşlığı altında verilən bənddən oxuyuruq: «Ərzaq təhlükəsizliyi Azərbaycan Respublikası üçün çox əhəmiyyətli olduğundan bu istiqamətdə aparılan siyasət əsasən yaranmış potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul ğolluğunun yaradılmasına yönəldilmişdir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulu yerli məhsullarla əvəz etməyə, pambıq, tütün, barama, tərəvəz və bir sıra digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmaqla, ümumi ticarət balansını yaxşılaşdırmağa və kənd yerlərində məşğulluq səviyyəsinin6 yüksəldilməsinə imkan yaradır». Əlbəttə biz «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı»nı bütünlüklə də dərc edə bilər, bununla da Heydər Əiyevin dünyanın bu gün bir nömrəli qayğısına çevrilmiş ərzaq problemini hansı uzaqgörənlikldə müşahidə etdiyini və Azərbaycanın bu qlobal fəlakət qarşısında özünü necə aparmalı olduğunu konseptual şəkirldə göstərdiyini daha qabarıq şəkildə təqdim etmiş olardıq. Yəqin ki, Heydər Əliyevi də əslində bu proqramın bu gün necə yerinə yetirildiyi maraqlandırardı. Maraqlı sualdır, deyilmi? Bu sualın qənaətbəxş cavabı Heydər Əliyevin ad günündə ona ən layiqli hədiyyə olardı…/ANS PRESS/ Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|