|
Elm / 09.05.2008 15:06 İstanbul Universitetinin "Dincəl" komandası "Heydər Əliyev kuboku"nun sahibi olub
"Palmali" Şirkətlər Qrupunun sponsorluğu ilə Ankarada keçirilən breyn-rıng yarışmasının qalibi müəyyən edilib
«Palmali» Şirkətlər Qrupunun sponsorluğu ilə Ankarada keçirilən breyn-ring yarışmasının qalibi müəyyənləşib. Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbərlik etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə Azərbaycanın Türkiyədəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən "Heydər Əliyev kuboku" uğrunda bilik və istedad müsabiqəsinin final mərhələsi keçirilib. Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət komandalara final mərhələsində uğurlar diləyən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova bildirib ki, ulu öndər gənc nəslin yüksək biliklərə yiyələnməsinə və vətənpərvərlik ruhunda böyüməsinə hər zaman qayğı göstərib. Sonra tələbələrimiz breyn-rinq bilik yarışmasında istedadlarını sınayıblar. İkinci mərhələdə komandalar maraqlı səhnəciklər nümayiş etdiriblər. İki mərhələnin yekunlarına görə "Heydər Əliyev kuboku"nun sahibi İstanbul Universitetinin "Dincəl" komandası olub. İkinci yeri Mərmərə Universitetinin "Universal", üçüncü yeri isə İstanbul Universitetinin "6 Siqma" komandaları tutublar. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov fəxri mükafatları qaliblərə təqdim edib və onlara təhsillərində uğurlar arzulayıb. Səfir qeyd edib ki, ümummilli lideri Heydər Əliyevin adını daşıyan müsabiqənin qalibi olmaq tələbələr üçün böyük şərəfdir. Xatırladaq ki, «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun rəhbərlık etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə hər il Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin oxuduqları universitetlər arasında bilik və hünər yarışması keçirilır. Yarışmanın məqsədi minlərlə km uzaqlarda təhsil alan gənclərimizi bir araya gətirib birlik və bərabərliklərini daha da gücləndirmək və ən istedadlı tələbələrimizi mükafatlandırmaqdır./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|