|
Xüsusi Reportaj / 13.04.2008 21:35 Qonaqlar və qınaqlar
20 il əvvəl və 20 il sonra
20 il əvvəli xatırlayıram.
Azərbaycan hələ müstəqil deyildi. SSRİ-nin dağılacağına isə ən nikbinlər və ya ən bədbinlər inanardılar. O zaman Qarabağ söhbəti təzə başlamışdı və Azərbaycan ən yüksək səviyyədə bildirirdi ki, Dağlıq Qarabağ bizim daxili işimizdir və məsələni özümüz həll edəcəyik.
Bu 20 il əvvəl belə idi.
O zaman ki, müstəqil olmayan Azərbaycan ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı özünün daxili işi hesab edirdi. Bu gün Azərbaycan çoxdan müstəqil dövlətdir, amma ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa özünün daxili işi kimi yanaşa bilmir. Təzaddır. Amma həqiqətdir. Doğrudur. Effekt təxminən eynidir. Nə onda Qarabağ məsələsini daxili işimiz hesab, nə də indi, bu problemin həllini ATƏT-in Minsk Qrupuna həvalə edəndə məqsədimizə çatmışıq. Əgər əvvəl Moskvadan və ya Mərkəzdən şikayət edirdiksə indi də BMT-dən, ATƏT-dən, Rusiyadan, ABŞ-dan, Fransadan, Qərbdən, ikili standartlardan, ədalətsiz dünya ictimaiyyətindən gileylənirik. Azərbaycan Beynəlxalq Təşkilatların irad və ittihamları ilə üzləşməkdə davam edir. Bəxtimizdən Birləşmiş Ştatlar və Rusiya da dünyanın cəmi-cümlətanı bir məsələsində birləşirlər ki, bu da Qarabağdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycana nə normal Təhlükəsizlik, nə də normal Əməkdaşlıq effekti var. ATƏT-in Minsk Qrupunun 3 həmsədrinin Azərbaycanın təhlükəsizliyinə münasibəti bu yaxılarda BMT Baş Assambleyasının sessiyasında bəlli oldu. Minsk Qrupu artıq neçə ildir ki, başımızın altına mina qoyub yatırır. Əməkdaşlıq isə ATƏT-in müxtəlif qurumlarının Azərbaycanda əsasən parlament və prezident seçkilərinə qiymət verəndən-verənə üzə çıxır. Bir sözlə bu qurum və Azərbaycan arasında gizli bir qəbuletməzlik var. ATƏT Azərbaycanı demokratiya və insan haqlarının vəziyyəti zəminində tənqid edir. Azərbaycan isə ATƏT-i ərazi bütövlüyünün bərpa edilməsi üçün mümkün olanları etməməkdə günahlandırır. Bir sözlə nə ATƏT Azərbaycana, nə də Azərbaycan ATƏT-ə inanır. BMT verdiyi çeklərin zibil yeşiyinə tullanmasına sakitcə baxan soyuqqanlı satıcıya bənzəyir. Az-çox ürəyimizdən tikan çıxaran Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən xanımlar və cənablar inciməsəydilər, artıq onları da Danabaş kəndinin məktəbinə dərs gətirməyə gedən müəllimlərə bənzətmək olardı. Nə qədər təəssürat danışmaq olar. Ermənistan prezidenti Koçaryanın bu qurumun tribunasındakı çıxışından sonra şəxsən mən elə bilirdim ki, Azərbaycandan olan millət vəkilləri hər iclası erməni deputatlardan o təhqiramiz çıxışa görə üzr istəməyi tələb etməklə başlayacaqlar. Ermənistanda bütöv bir xalq qəzaya uğrayaraq tank altına düşür, AQO qrupu özünün ən böyük müfəttiş qrupunu Azərbaycana göndərir. Ermənistanda hər 3 nəfərdən 4-ü siyasi məhbusdur, amma Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi Azərbaycanda bu problemi həll etməklə məşğuldur. Düzdür, Azərbaycanda heç də qurd quzu ilə otlamır. Bu ölkə də dövlət və vətəndaş müstəqillikləri kontekstində yaranan problemlərin alnı çəkir. Amma axı bu problemlər qonşu ölkələrdə müqayisədə xeyli azdır. Tutaq ki, Gürcüstan allahın bacısı oğludur, Ermənistanın ki, dayısı ayıdır. Bəlkə Azərbaycan nəzərdə tutulduğundan daha qonaqpərvər olduğundan ölkəmiz Xlestakovların, Müsyö Jordanların, Şeyx Nəsprullahların qaz vurub qazan, baş vurub başaq, qız vurub qızlıq doldurduğu karvansaraya dönür. Düzdür qonaq qonmaq sözündəndir. Amma baxır hara və nə üçün qonur da bu zalım oğlu… Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|