|
Xüsusi Reportaj / 30.03.2008 21:31 Hörmətli, yoxsa hörmətsiz məktub?
Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözlənilmədən aldığı zərbənin ağrısı altında öz incikliyini nümayiş etdirdi
Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədləri ilə öz münasibətlərini aydınlaşdırmasını regional həftənin əsas qalmaqalı da adlandırmaq olar. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan mətbuata Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in katibliyinə Minsk Qrupundan imtina etməklə bağlı məktub göndərdiyini bildirəndən sonra qurbağa paradı başlanıb. Qalmaqalın bünövrəsi «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə» bağlı BMT qətnaməsinin müzakirəsi zəmini açılan boşluğa qoyuldu. Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözlənilmədən aldığı zərbənin ağrısı altında öz incikliyini nümayiş etdirdi və bu hoqqadan sonra həmsədrlərin buralara hansı üzlə gələcəyi barədə ritrik sorğu ünvanladı. Sorğu demişkən. Doğrudanmı Bakının ATƏT katibliyinə Minsk Qrupunun fəaliyyətindən imtina barədə məktubu olub? Araşdırmalarımız zamanı Azərbaycanın Xarici İşlər Nazirliyindən öyrənə bildik ki, ortada iddia olunan məktub yoxdur. Şifahi sorğudan söhbət gedə bilər ki, burada da baş diplomatiya idarəmiz ATƏT-in Minsk qrupunun həmsədrlərinin təyinatı və onların xidmətinin bitməsi prosedurunun aydınlaşdırılmasını istəyib. Vəssəlam. Elə bu sorğu da Ermənistan Xarici İşlər naziri Vardan Oskanyanı həyəcanlandırıb. Əlbəttə, Xarici İşlər Nazirliyimiz diplomatiya ilə məşğul olduğundan ANS-ə verilən bu məlumatın da hansı hissəsinin xəbər, hansı hissəsinin isə diplomatiya olduğunu dəqiq bilmirik. Amma bir faktın izinə düşə bildik və hesab edirik ki, onun vasitəsilə bir çox məsələlərə aydınlıq gətirmək olar. Mart ayının 28-də Vyana təmsilçimizin, Fuad İsmayılovun adından ATƏT-in Baş katibinə məktub ünvanlanıb. Böyük çətinliklə əldə etdiyimiz məktubun mətnini Sizə təqdim edirik:
Səfir Mark Perin de Brişambo, ATƏT baş katibi
Zati-Aliləri!
Məlum olmayan səbəblərdən,beynəlxalq səviyyədə Azərbaycanın Baş Katib vasitəsilə ATƏT Katibliyinə sorğu göndərərək ATƏT-nin Minsk qrupunun buraxılması və onun formatının dəyişdirilməsini istəməsinə dair əsassız nəticə dövriyyəyə buraxılıb.Mən bu cür iddianın səbəblərini bilmirəm.Bununla yanaşı, güman edirəm ki,bizim hər ikimiz mənim, ATƏT-nin Minsk qrupu həmsədrlərinin təyinatı və onların xidmətinin bitməsi prosedurunun aydınlaşdırılmasını nəzərdə tutan sorğumun əhəmiyyətini dərk edirik və bu heç bir vəchlə Minsk qrupu, eləcə də həmsədrlərin fəaliyyətini sual altına almır.
Bu mənada, Mən sizdən Azərbaycanın ATƏT-nin Minsk qrupu formatı ilə bağlı mövqeyi və bu formata sadiqliyinə dair şübhələri aradan qaldırmaq istiqamətində zəruri tədbirlər görəcəyinizi və bu məsələ ətrafında növbəti spekulyasiyaların yayılmasının qarşısını alacağınızı gözləyirəm.
Hörmətlə, Səfir Fuad İsmayılov
Daimi Nümayəndə
Məktubun məzmunundan aydın görünür ki, rəsmi Bakının birinci sorğusunda da Minsk Qrupunun həmsədrlərindən imtina edilmir. İmtina ovqatını yaxın bir əhval-ruhiyyə kimi qiymətləndirilə biləcək məqam isə «ATƏT-nin Minsk qrupu həmsədrlərinin təyinatı və onların xidmətinin bitməsi prosedurunun aydınlaşdırılmasını nəzərdə tutan» sual ola bilərdi. Doğrudan da mənim poçtalyon qismində gördüyüm, əslində isə öz missiyalarını bu civardan çoxdan çıxaran Brayzə, Merzlyaokov və Fasyeinin fəaliyyətlərinin təftişə ehtiyacı var. Çünki Azərbaycan Xarici İşlər nazirliyi konkret olaraq bu vasitəçiləri onun təkliflərini olduğu kimi qeydə almamaqda, reallığı başqa şəkildə təsvir və təfsir etməkdə günahlandırır. Çox ciddi iradlardır. Poçtalyonun işi məktub daşımaq olmaqdır. Ona nəinki nəyisə əlavə etmək, hətta açıb yolda oxumaq belə etikadan uzaqdır. Nə oslun ki, biz onlara etibar edirik, nə olsun ki, biz ayağı ağrıyan Mola Nəsrəddinik… Xəttimiz ki, aydın görünür… Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|