|
Xüsusi Reportaj / 28.02.2008 10:40 Qiyamət qisasımız var
Qarabağ separatçı birləşmələrinin əsas məqsədlərindən biri Xocalını aradan götürmək idi
1992-ci il, fevralın 24-də separatçı Dağlıq Qarabağın qondarma ali sovetinin rəyasət heyəti bu oyuncaq respublikanın silahlı qüvvələrinin hüquqi statusu haqqında qərar qəbul edərək onu vahid komandana tabe etdi. Dağlıq Qarabağın özünü müdafiə komitəsinin sədri, siz bilən kim oldu? Serj Sarkisyan. Bu günlərdə Ermənistanın prezidenti seçilmiş Serj Sarkisyan. Xocalının işğal edilməsi Serj Sarkisyanın komandan kimi həyata keçirdiyi ilk əməliyyat oldu.
Rusiya və Ermənistan hərbi komandanlıqlarının təlimatları əsasında işləyən Qarabağ birləşmələrinin əsas məqsədlərindən biri Azərbaycanın Xocalı şəhərində yerləşən plasdarmının dağıdılması idi. Bu şəhəri sözün əsl mənasında aradan götürmək lazım idi. Əsgəranla Xankəndinin arasından. Hər il biz Xocalıda ölənlərimizə əvvəl Milli Qəhrəman Çingiz Mustafayevin, sonra isə öz gözlərimizlə ağlayır, sısqayır və sonda bir-iki şerdən, mahnıdan oxuyur, şadlıqlar və saraylarla dolu həyatımızı davam etdiririk. Soyqırımı kökün kəsilməsi ifadəsinin bir az mədəniləşdirilmiş şəklidir. Dəhşətdir ki, biz bu sözün məzmununun içindəki dəhşətə öyrənmişik. Düzdür, indi hər ilin bu vaxtı dünyanın daha çox ölkəsində dərdimizə ad günü keçiririk. Amma elə bu minvalla da qisası qiyamətə saxlayırıq. Qiyamət qisasımız var.
Xocalı dərsdir. Müdhiş bir dərs. Və elə ona görə də onu orta məktəblərdən başlayaraq keçmək lazımdır. Azərbaycan tarixində bu faciə ilə bağlı kiçik bir fraqment var. Tarix, bir az statistika və vəssəlam. Bilmirəm, bəlkə əlahiddə bir soyqırımı fənni kimimi, yoxsa Xocalı fənni kimimi? Hər halda hansısa şəkildə. Ermənilərin təkcə Qarabağın Ermənistana bağlı olduğunu sübut etmək məqsədilə nəşr etdikləri tarix kitablarının sayı 3000-dən artıqdır. Azərbaycan ildə bir, uzaqbaşı iki gününü Xocalıya və ya başqa bu kimi dərd günlərinə həsr edir. Çala-çala, oxuya-oxuya, oynaya-oynaya unuduruq. Yoxsa elə bilirik ki, ermənilər düşük şou-biznesin yedəyində gedən uşaqlı-qocalı adamlarımızın qara gözünə-qaşına baxıb, gözlərinin yaşına baxıb Xocalıdan çıxacaqlar? Niyə? Özü də bir halda ki, bu əməliyyatın başında Serj Sarkisyan özü durub. Şəxsən prezident özü.
Tarix fənndir. Ondan imtahan var. Və bu imtahanı vermək üçün yaxşıca hazırlaşmaq lazımdır. Yoxsa kəsirlər. Özü də başdan. Mir Şahin
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|