|
İqtisadiyyat / 15.02.2008 15:49 Yeni turizm portalı təqdim edilib
Məqsəd, Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtmaq, turistlərə ölkə və onun imkanları haqqında məlumat verməkdir
Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə yaratdığı turizm portalının təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, portal «daxili turzmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azadlması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional yardım» layihəsi çərçivəsində yaradılıb. Portalın əsas məqsədi Azərbaycanı turizm nöqteyi nəzərdən cəlbedici ölkə kimi tanıtdırmaq, turistlərə ölkə və onun imkanları, həmçinin müxtəlif turizm xidmətləri haqqında məlumat vermək, onların gəlişini və qalmasını asanlaşdıran dolğun axtarış sisitemini yaratmaqdır. Bu portalda respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən mehmanxana, motel və istirahət güşələri haqqında informasiya əldə etmək mümkün olacaq. Tədbirdə qeyd edilib ki, yaradılmış portal adı çəkilən layihənin yalnız bir hissəsidir. Ümumiyyətlə, hazırda ikinci mərhələsində olan layihə Mədəniyyət və Turizm Nazirliyinə turizm sahəsində təhsil standartlarını və turizm xidmətlərinin keyfiyyətini yüksəltməyə, turizm sahəsində məşğulluq imkanlarının artırılmasına şərait yaratmağa köməklik göstərir. O, xüsusilə yeni təsis edilmiş Azərbaycan Turizm İnstitutuna turizm sahəsində təhsilin inkişaf etdirilməsində yardım göstərilməsinə, Bakı, Şamaxı, Xaçmaz, Şəki, Lənkəran, Gəncədə artıq fəaliyyət göstərən, Quba, Zaqatala, Naxçıvan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakının Qala kəndində fəaliyyətə başlayan regional turizm inkişaf mərkəzlərinin səmərəli fəaliyyəti üçün şərait yaradılmasına yönəlib. Qeyd edək ki, portalın təqdimat mərasimində mədəniyyət naziri Əbülfəz Qarayev, BMT inkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Bruno Pueva, turizm şirkətlərinin nümayəndələri iştirak edirlər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|