|
Redaktordan / 02.11.2007 17:16 LƏTİFƏ
Görəsən, bizim gürcülərdən haramız və nəyimiz əskikdir?
Həmişə atama baş çəkmək üçün Gürcüstana gedəndə boşboğaz kənd camaatının siyasi diskusiyalarından qaçıram. Ona görə ki, həm siyasətdən baş çıxarmıram, həm də «Tarixi Nadir»dən bir cümlə də oxumamış insanların dünyanın qlobal problemlərini «həll etmələri» mənə bir az gülməli gəlir. Son zamanlarda isə «birja»lardan (bizim kənddə birja işsiz-gücsüz insanların «dünyanın siyasi problemlərini həll etmək üçün» yığışdıqları yol kənarlarına deyirlər) qaçmağımın başqa bir səbəbi də var. O da Gürcüstanda qanunların işləməsi, rüşvətxorluğun yığışdırılması və demokratiyanın inkişaf etməsidir. Ona görə qaçmıram ki, Gürcüstanın inkişaf etməsi, rüşvətxorluğun kəsilməsi mənə pis təsir edir. Əksinə, «Tarixi Nadir»dən bixəbər insanların bunu Azərbaycandakı vəziyyətlə müqayisə edib qürurla danışmaları məni özümdən çıxarır. Fikirləşirəm ki, axı nəyə görə imkanları bizdən qat-qat aşağı olan bir dövlətdə rüşvətxorluq kəsilir, məmur özbaşnalığı aradan qaldırılır, polis vətəndaşları soymur, qanun qarşısında hamı bərabərdir, qanunun aliliyi qorunur, amma bizdə yox?
Məgər biz gürcülərdən əskik millətik? Gürcüstanda rüşvət verəni tuturlar, bizdə rüşvət verməyəni, Gürcüstanda hər hansı bir dövlət müəssisəsində işini qanun çərçivəsində çox asanlıqla həll edirsən, bizdə isə məmuru «görməmiş» aylarla səni süründürürlər, Gürcüstan rüşvətxorların kökünü kəsir, biz isə rüşvət verməyənin kökünü kəsirik, Gürcüstan xəstəxanalarında həkimlər üçün insan həyatı hər şeydən önəmlidir, bizdə isə xəstənin qohum-əqrabası gəlməmiş xəstənin sifətinə də baxmırlar, Gürcüstanda patrullar yol boyu baş verə biləcək qəza və yolçuların digər problemini həll etmək üçün o yana, bu yana gəzişir, bizdə isə kol dibində gizlənilirlər ki, görsünər kim sarı işıqda keçir, onun həyatına qırmızı işıq yandırsınlar, Gürcüstan mədəniyyətini inkişaf etdirir, biz isə Mir Şahin demişkən, MƏDƏ NİYYƏTİMİZİ inkişaf etdririk. Gürcüstanın orta məktəblərində uşaqlarda dövlətin əzəmətli obrazını formalaşdırırlar, bizdə isə süpürgə pulu, zibil pulu, işıq pulu və sair yığmaqla dövlətin dilənçi obrazını formalaşdırırlar...
Müqayisə edəcək məqamlar çoxdur. Amma bunları kimə danışırsan deyir ki, lətifə danışma. Gürcü hara, rüşvət almamaq hara? Amma bu lətifəyə bənzəsə də, belədir.
Lətifə demişkən, olmuş bir əhvalat yadıma düşdü. Rəhmətlik nənəm bazarda pul kisəsi tapır. Sevindiyndən bibimi çağırır ki, bəs Zərnişan, pul tapmışam, gəl bölək. Pulu bölüşdürüb qurtardıqdan sonra baxır ki, kisə özününkü imiş.
Zülfüqar Xeyirxəbər
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|