|
Redaktordan / 14.09.2007 17:10 Bakı uğrunda savaş türküsü
Çingiz Rüstəmov
Xəzərin sahilində hər səhər oyanan, hər axşam uyuyan, küləyinə tumarlanan, ləpələri ilə oynayan, oğuz atalarımızın tikdiyi Quz qalasını dik tutaraq türklüyü ilə öyünən bu şəhər də bizim olmaya bilərdi. On illiklərin o üzündə itirdiyimiz bir sıra qarataleli şəhərlərimizin faciəsi onun da başına gələ bilərdi. Üç min ildir ki, Azərbaycan türkünün nəzarətində olan bu ərazilərə qaçqın kimi sığınmış, qul-nökər qismində gətirilmiş, uzun illər türk bəylərinin qapısında-bacasında buyruğa baxmış, yalnız buralar Rusiyanın əlinə keçdikdən sonra qol-qanad açmış məkrli düşmən İrəvan kimi, Bakını da əlinə keçirə bilərdi.
Amma məğrur atalarımız 89 il öncə göstərdikləri qəhrəmanlıqla ermənilərin özləri kimi soyu-sopu, əsli-əsası bilinməyən planlarının üstündən xətt çəkdilər. 1918-ci ilin 15 sentyabr günü Bakını erməni-rus bölüklərinin həmin ilin 31 mart tarixindən başlamış işğalından azad etdilər.
Hər şey iyunda böyük öndər Məhəmməd Əmin Rəsulzadənin Gəncədən bütün Azərbaycan türklərinə etdiyi çağırışla başladı. «Bu gün Gəncə bizim mərkəzimizdir, amma bizim paytaxtımız Bakıdır. Biz çalışıb paytaxt Bakını ermənilərin işğalından azad etməliyik» demişdi böyük öndər. Və osmanlı zabitlərinin yardımı ilə minə yaxın Anadolu türkündən və minə yaxın Azərbaycan türkündən təşkil edilmiş ikiminlik ordu Bakını qurtarmağa yollanmışdı.
1918-ilin əvvəllərində ərazisinin 70 faizə qədəri erməni-rus bölüklərinin işğalı altında olan Şimali Azərbaycanın düşmən əlində olan iki böyük şəhəri ətrafında ağır çarpışmalar gediridi. Bunlar Bakı və İrəvan idi. 31 mart qırğınından sonra şəhərin əsas hissəsinin ermənilərin nəzarətinə keçməsinə baxmayaraq Bakı camaatı Maştağanı mərkəz seçərək müdafiə olunurdu. 5 min silahlı adam 30 minlik erməni-rus qoşunlarının qarşısını kəsərək, onları qırğından qaçıb canını qurtara bilmiş şəhər əhalisinin sığındığı bağlara girməyə qoymurdu.
İrəvan isə 1918-ci ilin 21-29 may günlərində şəhərdən 40 kilometr aralıda yerləşən Sərdarabad kəndi ətrafında baş vermiş döyüşdən sonra ermənilərin əlinə keçmişdi. Rusiya imperiyası tərəfindən 1-ci dünya müharibəsində vuruşmaq üçün Andranik Ozanyanın rəhbərliyi altında yaradılmış nizami erməni bölükləri bolşevik inqilabından sonra Rusiya zabitlərinin ərazini tərk etməsindən yararlanaraq Şərqi Anadoluda dinc türk-müsəlman əhalini qırmağa başlamışdı. Bu isə Antanta tərəfindən tam mühasirəyə alınmış Osmanlını Şərqi Anadoluya erməni bölüklərini dayandırmaq üçün xüsusi dəstələr göndərməyə məcbur etmişdi. Azsaylı həmin dəstə 30 minlik nizami erməni ordusunu geri oturda-oturda Araz çayına qədər qovmuşdu. Araz üzərindəki körpünü keçən erməni bölükləri Osmanlı ordusunu orda gözləməyə başlamışdı və onu qəfil yaxalamaq niyyətində idi. Sərdarabad döyüşündə sayca dəfələrlə az olan Osmanlı ordusu sayı 30 minə yaxın olan nizami erməni dəstələrini darmadağın etdi, ermənilər başıpozuq dəstələrlə qaçıb İrəvana girdilər və möhkəmləndilər. Osmanlı qoşununun komandirləri İrəvan kimi iri şəhəri azsaylı qoşunla almağın mümkünsüz olduğunu anlayaraq Karsa tərəf geri çəkildilər. Ermənilər isə İrəvanda möhkələnərək bütün quberniyanın dinc azərbaycanlı əhalisini qılıncdan keçirməyə başaldılar. Camaat İrana, Türkiyəyə, Gəncə ətrafına qaçmağa məcbur oldu. Şəhəri tərk edərək ailələrini Xoya yerləşdirən İrəvan camaatı Abbasqulu bəy Şadlinskinin başçılığı altında ayağa qalxmışdı və Vedi ətrafında qızğın döyüşlər aparırdı.
1928-ci ilin iyun ayında Şimali Azərbaycanın yalnız bir iri şəhərinə - Cəncəyə nəzarət edən Azərbaycan hökuməti öz azsaylı - iki minlik qoşununu bu iki şəhərdən birinin azad edilməsinə göndərmək məsələsində seçim etməli idi. Və o zamankı Azərbaycanın hökumətinin nazirləri arasında Gəncə və Şuşadan, eləcə də Xoydan olanların çoxluq təşkil etməsinə, onların hamısının da İrəvanda yaşayan bəy ailələri ilə qohumluğunun olmasına bayxmayaraq, seçim Bakının xeyrinə edildi. Gəncədən Bakını qurtarmağa gedən iki minlik Türk-İslam Ordusunun əsgərləri arasında İrəvanın ermənilər tərəfindən işğal edilmiş mahallarından qaçqın kimi gəlmiş Azərbaycan türkləri də az deyildi. Bu sətirlərin müəllifinin həmin illərdə Göyçədən qaçqın kimi Gəncəyə sığınmış babasının iki böyük qardaşı da Azərbaycan ordusunun əskəri kimi Bakının azad edilməsində iştirak edib.
Sonrakı hadisələr göstərdi ki, gənc Azərbaycan Cumhuriyyətinin rəhbərliyinin qərarı ən doğru olub. Birincisi, strateji baxımdan elə azsaylı qüvvə ilə Gəncədən keçilməz dağları aşaraq və ya dar dərələrlə qalxaraq İrəvanı almaq mümkün deyildi, Rusiya imperiyası bu niyyətini 22 ilə gerçəkləşdirə bilmişdi. Düzənliklə hərəkət edərək Bakıya çatmaq daha asan idi və azsaylı Azərbaycan ordusu Şamaxını, Salyanı azad etməklə bir yerdə bu işi iki aya gördü. İkincisi Azərbaycanın bütün iqtisadi gücləri neft istehsalçısı Bakıda idi və bu, gənc dövlətin institutlarının formalaşdırılmasında böyük rol oynadı. Bakını azad edən Azərbaycan rəhbərliyi özünü toparladı və bir neçə ayın içində 40 minlik ordu formalaşdırdı. Həmin ordu bütün Şimali Azərbaycanın 70 faizinə, yəni indi hüquqi olaraq Azərbaycan Respublikasına daxil olan ərazilərə nəzarət etməyə imkan verdi.
1918-ci ilin 15 sentyabrı başqa bir gerçəyi də ortaya qoydu - rusların 100 ildən çox müddətə silahdan ayrı salmasına baxmayaraq, Azərbaycan türkləri genetik kodlarla malik olduqları döyüş vərdişlərini də unutmamışdılar. Bakının girəcəyində min nəfər şamaxılı və Abşeronun kəndlərindən toplanmış beş min könüllü ilə birlikdə ümumi sayı səkkiz mini keçməyən Azərbaycan ordusu şəhərdəki 30 minlik nizami erməni-rus bölüklərinə qələbə çaldı. Bir şeyi də unutmaq olmaz ki, ermənilər işğal günlərində şəhərin bütün məhəllələrini tutsalar da, İçərişəhərə girə bilməmişdilər. Mühasirədə saxladıqları İçərişəhəri kənardan top atəşlərinə tutmaqdan başqa heç nəyə gücləri çatmamışdı. Bu, yüz illərlə Xəzər xaqanlığına mərkəz olmuş bu şəhərin sakinlərinin atalarından qalmış genetik qəhrəmanlıq mirasını hələ də itirmədiyi demək idi…
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|