|
Redaktordan / 16.06.2007 15:35 ATAlar GÜNÜ
Hər ilin 12 gününü matəm kimi qeyd edirik və utanmaz-utanmaz övladlarımıza vətənimizin dilbər guşələrinin ermənilər tərəfindən işğal olunduğunu anladırıq
Şef redaktorumuz təklif edəndə ki, Beynəlxalq Atalar Günü münasibəti ilə yazını üç uşaq atası olaraq mən yazım, açığı bir qədər tərəddüd elədim. Çünki bu bayram haqqında heç anlayışım yox idi. Heç bilmirdim ki, nə zaman və harada yaranıb. Deyilənə görə, Türkiyədə belə bir bayram hər il qeyd edilir, amma gününü dəqiq deyə bilməyəcəm. Bildiyim odur ki, bir çox bayramlar kimi bu bayram da bizə yaraşmır. Ən azından ona görə ki, bizim vicdanımızın sızladığı kimi torpaqlarımızın 20 faizi də bir ovuc gədanın ayaqları altında inilədiyir. Hər ilin 12 gününü matəm kimi qeyd edirik və övladlarımıza utanmaz-utanmaz Vətənimizin dilbər guşələrinin ermənilər tərəfindən işğal olunduğunu anladırıq. Sonra da (əgər uşaqlarımızla şəhərə çıxmağa risk eləsək) Şəhidlər Xiyabanında bir dövrə vurub qayıdırıq, vəssalam. Ən azından, ilk növbədə buna görə bu bayram bizə və bizim kimilərinə gərək deyil.
Nə yaxşı ki, Azərbaycanda bir çoxları dünyada belə bir bayramın olduğundan mənim kimi xəbərsizdirlər. Yoxsa, toy-bayram üçün o qədər sinov gedənlər var ki. Bunu da salardılar «xoş günlərimiz»in sırasına ki, bu xalqın yoxsul təbəqəsi (Azərbaycanda varlıların sayı çox azdır-red) daha bir gün də övladlarının qarşısında xəcalət çəksin.
Söz vaxtına çəkər deyiblər, ötən ilin bəlkə də elə bu vaxtları olardı. Qonşumuz Vüqar düz metronun «20 Yanvar» stansiyasından təxminən evinə qədər olan 20 kilometrlik məsafəni uşağını avtobusda ağlada-ağlada gətirmişdi. Bu hadisə ona o qədər təsir etmişdi ki, uzun müddət yana-yana qarşısına çıxan hər kəsə danışdı və Azərbaycanda ünvanına «xoş sözlər» söyləmədiyi məmur qalmamışdı. Vüqarın o hekayəsini eşidəndə mən də çox üzülmüşdüm. Əminəm ki, o hadisə sizə də təsir edəcək. Vüqar anasız böyütdüyü üç yaşlı qəlbi sınıq körpəsinə bir bulka ala bilməmişdi. Çünki pulunu bulkaya versəydi 20 kilometrlik məsafəni üç yaşlı oğlu ilə birlikdə piyada qət etməli olacaqdı. Ona görə də mənəvi iztirablarla birgə böyütdüyü övladına heç olmazsa bu fiziki əzabı da yaşatmamaq üçün bulkanın zəhərli olması barədə uşağın tanıdığı həkimlərdən nə qədər sitatlar gətirsə də, onu inandıra bilməmişdi.
Nədənsə şef redaktorumuz ATAlar günü barədə yazı yazmağı tapşıranda yadıma düşdü ki, çoxdandı Vüqar məhəllədə görünmür. Fikirləşdim ki, elə bundan yaxşısı ola bilməz. Axşam işdən bir az tez çıxaram. Yolüstü Vüqara baş çəkib elə ATAlar Günü ilə bağlı onun evindən bir reportaj hazırlayaram, vəssəlam, bununla da işimi bitmiş hesab edərəm. Amma Vüqarın iki otaqlı mənzilinə yaxınlaşanda qapının cəftəsində bir qalaq elektrik qəbzi və möhürlənmiş qaz sayğacını gördüm.
Zülfüqar Xeyirxəbər P.S. Təklif edərdim ki, bu günü bayram kimi qeyd etmək imkanı və həvəsi olanlar yoxsul təbəqənin ATAlarının fonunda özlərinin nə qədər qayğıkeş ata olduqlarını övladlarına sübut etmək və onlara nələri verə bildirklərini bir daha göstərmək üçün bu fürsəti qaçırmasınlar.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|