|
Redaktordan / 27.05.2007 22:25 Siyasətbaz
Hər şeyin bazını görmüşdüm, lap elə quşun da, amma siyasətin bazını görməmişdim
Bəşəriyyət mövcud olan gündən insanlar, xalqlar, millətlər, ölkələr və dövlətlər arasında soyuqluq, çəkişmə, ədavət və müharibələr olub. Amma bunların heç biri əbədi olmayıb. Bir-birilərini didib parçaladıqdan sonra barışmaq barədə düşünüblər. Hətta dünənə qədər bir-birilərinin ətini yeməyə hazır olanlar sonradan ayrılmaz müttəfiqlərə çevriliblər. Və bunun davamlı olması üçün bir-biriləri ilə yaxın qohum olublar. Düşmənçiliyi tamam aradan götürmək üçün qız alıb qız veriblər. Bununla da problem həll olunub.
Qətiyyən söhbət Ermənistan-Azərbaycan münaqişəsindən getmir. Bu münaqişə ermənidən qız almaqla həll olunsaydı nə var idi ki, gündə birini alardıq. Müqayisə nə qədər qüsurlu olsa da, söhbət Ermənistan-Azərbaycan münaqişəsi qədər ciddi olan müxalifət problemimizdən gedir.
Nə qədər istəsən müxalifətçimiz var. Daha doğrusu, özünü müxalifət hesab eləyən, amma müxalifətçiliyin nə demək olduğunu doğru-dürüst bilməyən siyasətbazlarımız var. Saymaqla bitməsi mümkün deyil. Özünü başda görmək istəyənlər özgə məclisində ayaqda olmamaq üçün özünə bir partiya qayırıb keçib oturublar başında. Nəslində nəcabətində olan 5-3 nəfər adamı da yığıb başına ki, mən də varam. İddiasına da ki maşallah, söz ola bilməz. Bir-birilərinə söz qandıra bilməyənlər, milləti qandırmaq istəyirlər, bir-biriləri ilə birləşə bilmirlər, Azərbaycanı birləşdirmək istəyirlər. Mus-mus deməyib keçirəm mustafasına. Söhbət mayın 25-də Milli Forum adı altında cismən bir yerdə olan müxalifətçilərimizdən gedir. Toplantının məqsədi və məramı, orada müzakirə olunan məsələlər və guya ki, hansısa sənədin qəbul edilməsi barədə tədbirin sponsoru Rəsul Quliyevə yalandan məlumat verilməsindən danışıb başınızı ağrıtmaq istəmirəm. Deyəcəyim odur ki, son üç ildə bu boyda özünü müxalifət hesab eləyən partiya başçısını bir arada görməmişdim. BMM-in yekə zalı yekə-yekə siyasətçilərlə dolu idi. Müxalifətçi əlindən tərpənmək olmurdu. Fikrləşirdim ki, çoxdandır görüşmürlər, seçkilərə də xeyli vaxt var. Ortalıqda vahid namizəd məsələsi də yoxdur ki, sözləri bir-birinin boğazlarından keçməsin. Yəqin ki, aralarındakı umu-küsünü bir kənara qoyub mövcud problemlərin (bağışlayın siz allah, deyəsən mən də onlar kimi sözlərimə ütü çəkdim-red.) həlli istiqamətində ortaq məxrəcə gəlib əsl müxalifətçilik edərlər. Tədbir sona çatmamış bildim ki, çox yanılmışam. Görüşmədikləri bu müddət ərzində nəinki umu-küsünü unudublar, əksinə mətbuat səhifələrində apardıqları müharibələri o qədər inkişaf etdirblər ki, belə forumlarla bu düşmənçilik aradan qalxana oxşamır. Bu problemi aradan qaldırmaq üçün ya Ələddinin cini-şeytanı lazımdır, ya da ki, yazının girişindəki tarixi təcrübə...
Zülfüqar Xeyirxəbər
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|