Bakı konsertini təxirə salan müğənni qumarda sərvət qazandı

O, pullarını dollarla nağd almağa üstünlük verib.
Sərdar Ortac
Sərdar Ortac

Qumar oyunlarına olan marağı ilə seçilən Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın həyatında dönüş yaşanıb. ANS PRESS-in məlumatına görə, hər dəfə qumarda külli miqdarda pul uduzması ilə gündəmə gələn ifaçının bu dəfə bəxt üzünə gülüb. 

Türk mətbuatının verdiyi məlumata görə, konsert vermək üçün getdiyi otellerin birində Sərdar qumar oynayıb. İlk dəfə o, burada xeyli miqdarda gəlir əldə edib.

Novomatik adlı qumar maşınında 100 lirə müqabilində müğənni 504 min lirə (267 min 876 manat) qazanıb. Pulu dollar olaraq istəyən Sərdara həmin axşam 174 min dollar nağd olaraq verilib.

Görünür, sənət aləmində qumarbaz kimi tanınan adların başında gələn Sərdar Ortac bəzən "qumara tövbə etdim" desə də, bu vərdişindən əl çəkə bilmir. İfaçı daha öncə verdiyi müsahibələrindən birində peşman olduğunu da etiraf etmişdi. "Peşmanam, amma son peşmançılıq işə yaramır. Qumarda həm maddi, həm də mənəvi mənada sərvət itirdim".

Müğənni ötən ilin yayında da Ramazan bayramı günlərində Kiprdə konsert verənkən otelin qumarxanasına gedərək oyuna qoşulub. Yarım saat içində o, 10 min lirə (təxminən 4 min manat) uduzub.

Sərdar Ortac qumar oynarkən
Sərdar Ortac qumar oynarkən

Sərdar Ortac - Türkiyənin ən tanınmış simalarından biridir. O, 1970-ci ildə fevral ayının 16-da İstanbulda dünyaya göz açıb. İfaçı ali təhsilini Ankaranın Bilkənt universitetində alıb.

Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

Sərdar Ortac 2014-cü ildə özündən 21 yaş kiçik irlandiyalı model Xloe Lafnan ilə evlənib. 

Türk müğənni Sərdar Ortacın iyulun 1-də Bakı konserti planlaşdırılırdı. Amma Atatürk Hava Limanında baş verən terror aktından sonra təxirə salınıb. Konsertin nə vaxt baş tutacağı, hələ ki bilinmir.

 

Şərhlər