Formula 1 üzrə Avropa Qran Prisi zamanı Bakıda konsert proqramı ilə çıxış edəcək dünya şöhrətli ifaçı Enrike İqlesias Azərbaycandakı pərəstişkarlarına videomüraciət edib. ANS PRESS-in məlumatına görə, ifaçı videoda Azərbaycana salamlarını göndərib.
"Salam, Azərbaycan. Bu, Enrike İqlesiasdır. Formula 1 yarışı zamanı Bakıda xüsusi şouda görüşənədək!" İfaçının paylaşımı qısa müddət ərzində internetdə yayılıb. Müğənni Formula 1 Qran Prisi çərçivəsində iyunun 18-də Bakı bulvarında konsert verəcək. Məşhur müğənni yeni albomundan mahnılar ifa edəcək. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. İfaçının rəsmi saytında konsertə bilet də almaq mümkündür.
Dünyada Latın Amerikası musiqisinin ən parlaq nümayəndələrindən olan Enrike İqlesiasın mükafatlar kolleksiyasında çoxlu sayda "Qremmi" və "American Music Awards" heykəlcikləri var. İndiyə qədər 9 albom sahibi olan ifaçının dünyada 100 milyon diski satılıb.