Azərbaycan muğamı ilk dəfə İspaniyada səslənəcək

Konsert beynəlxalq musiqi festivalı çərçivəsində təşkil ediləcək
Əcnəbilərin səsini daha sıx eşitmək istədiyi azərbaycanlı xanəndə Qoçaq Əsgərov növbəti çıxışına hazırlaşır. Tanınmış xanəndə sentyabrın 23-də İspaniyanın "İnstitut de Cultura de Barcelona" mərkəzində musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq.

Konsert Barselonada keçirilən “Merce-2012 – Merce Musica” Beynəlxalq musiqi festivalı çərçivəsində təşkil ediləcək.

Bu barədə AzərTAc-a xanəndənin özü məlumat verib. O, Bildirib ki, bizim çıxışımız Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və eyni zamanda UNESCO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti olacaq.

Xanəndə bildirib ki, konsertə onu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Qoçaq Əsgərov konsertdə muğam, təsnif və xalq mahnılarımızı səsləndirəcəkdir. Artıq azərbaycanlı musiqiçinin konserti ilə bağlı afişalar Barselona şəhərinin küçələrini bəzəyir.