Yusif Cəfərli: ""De gəlsin" meyxana həvəskarlarına çoxlu sürpriz hazırlayıb"

ANS telekanalında yayımlanan populyar meyxana yarışmasının aparıcısı maraqlı məqamları açıqlayıb
Budəfəki müsahibimiz ANS telekanalında yayımlanan meyxana həvəskarlarının sevimli şousu, “De gəlsin” meyxana yarışmasının aparıcısı Yusif Cəfərlidir. Yusif Cəfərli müsahibəsində "De gəlsin" meyxana şousunun yeni mövsümdə tamaşaçılar üçün hazırladığı yeniliklər və sürprizlər haqda danışıb:

- Bu mövsüm "De gəlsin"də nə yenilikləri gözlənilir?
- Bu dəfə də “De gəlsin”də iştirak etmək üçün minlərlə insan sənəd vermişdi. Münsiflər heyətinin üzvləri olan Rəşad Dağlı və Mehman Əhmədli bu şəxslərin arasından 16 ən güclü olanını seçib. Onlar püşk nəticəsində cütlüklərə bölünüblər. Yarışın şərtləri bundan ibarətdir ki, hər cütlük öz vaxtı çatanda yarışır. Həftə içi hər gün yarışacaq hər iki iştirakçının SMS kodu açıq olur. Həftə ərzində hər iki iştirakçıya səs gəlir. Hər həftənin bazar ertəsi axşamı saat 22:00-da isə yarış başlayır. İştirakçılar 40 dəqiqə boyunca yarışırlar. Həftə ərzində və deyişmə günü iştirakçıların hesabına toplanan səslər toplanır və qalib şəxs növbəti mərhələyə keçir. O ki qaldı yeniliyə... Əvvəlki "De gəlsin" yarışmasında yarışma yox idi. İştirakçılar klublara bölünərək deyişirdilər. İndi isə seçilmiş 16 nəfər öz aralarında əməlli-başlı yarışacaqlar. Meyxana həvəskarlarını maraqlı eyişmələr, sürprizlər gözləyir.

- "De gəlsin"in qalibinə nə hədiyyəsi veriləcək?
-Bəli gəldik çıxdıq əsas məsələyə (gülür). Sürprizlərdən biri də budur ki, artıq super priz kimi avtomobil var. Qalib olan şəxs maşın əldə edəcək. Düzünü desəm mən özüm də həmin avtomobilə sahib olmaq istərdim (gülür).

- Münsiflər heyətində kimləri görə biləcəyik?

-"De gəlsin"in yeni mövsümünə iki daimi münsif əyləşəcək. Hər həftə isə bir qonaq münsifimiz olacaq. Qonaq münsifin başqa sahədən olması vacibdir. İlk buraxılışımızda yığmamızın qapıçısı, meyxana deməyi bacaran Kamran Ağayev qonaq münsif idi. İkinci buraxılışda aktyor Fərda münsiflər heyətində əyləşmişdi. "De gəlsin"in növbəti buraxılışlarında sürpriz münsiflər olacaq. Hər bir münsif bəyəndiyi iştirakçıya 100 xal verə biləcək.

- Budəfəki "De gəlsin"dən nə gözləyirsiniz?
- Gözləyirəm ki, bu dəfəki yarışmadan da layiqli meyxanaçılar üzə çıxsın. Xatırladım ki, indi tanınmış meyxana ustadlarının çoxu 2008-ci ildə "De gəlsin"ə qatılaraq ilk addımlarını atmışdılar. Pərviz Bülbülə və sairələri "De gəlsin”də tanındılar. Amma indi heç onları tapmaq olmur (gülür).

- Budəfəki "De gəlsin"də xanım iştirakçılar var?

- Xeyr indiki "De gəlsin"də xanım iştirakçı yoxdur.