“Xəzər” TV “Aramızda qalsın” serialı ilə bağlı açıqlama yayıb

“Aramızda qalsın” aralıqda qaldı
Xəzər Televiziyası “Aramızda qalsın” serialı ilə bağlı rəsmi açıqlama yayıb. ANS PRESS-in telekanalın rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir:

""Xəzər" Televiziyasında yayımlanan və tamaşaçıların rəğbətini qazanmış “Aramızda qalsın” serialı tamamilə Azərbaycanda istehsal edilən layihələrdəndir. Bu serialın məzmunu və cərəyan edən hadisələr Azərbaycanın adət-ənənə və milli-mənəvi dəyərlərinə uyğun mövzulardır. Serial “Xəzər” TV-nin öz studiyalarında maddi-mənəvi əmək sərf edilərək yaradılıb və Azərbaycan tamaşaçısının maraqları nəzərə alınaraq hazırlanır. Serialın ssenarisi, musiqisi, aktyorluq və digər yaradıcılıq məsələləri, habelə bununla bağlı hüquqi məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll edilib və həyata keçirilir.

Onu da qeyd ermək istərdik ki, “Xəzər” TV üç ildən artıqdır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələri müəlliflik lisenziyası əsasında yayımlayıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmək niyyətindəyik”.

Xatırladaq ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüsseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. Onun sözllərinə görə, ATV telekanalının sevilən serialı “Çocuklar Duymasın” Azərbaycanda təqlid edilir. B. güvən Azərbaycandakı serialın onlardan icazəsiz çəkildiyini iddia edib.

"“Çocuklar Duymasın”ı Azərbaycanda yenidən çəkiblər. Həm də icazəsiz. Adını da “Aramızda qalsın” qoyublar. Bu barədə məlumatı “Twitter”dəki bir dostumdan almışam. Ona təşəkkür edirəm. “Çocuklar Duymasın”ı azərbaycanlı aktyorların ifasında izləmək mənim çox xoşuma gəldi. Amma vəkillərimizin xoşuna gəlmədi. Lazım olan tədbirləri görəcəklər...”, - deyə o vurğulayıb.


B. Güvən Türkiyə mətbuatına vəkillərinə bu barədə təlimat verdiyini bildirib.