Azərbaycanda sürət qatarı olacaq? (MÜSAHİBƏ)

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov ANS PRESS-ə danışdı
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov, Azərbaycanın dəmir yol nəqliyyatında aparılan islahatlar, yenidən qurma işləri ilə bağlı ANS PRESS-ə müsahibə verib.

- Bakıətrafı qəsəbələrdə hərəkət edən elektrik qatarlarının hərəkəti neçə illərdir dayandırılıb. Buna səbəb nədir?

- 1924-cü ildə Bakıda ilk tramvaylar, 1926-cı ildə isə ilk elektrik qatarları yaranıb. Bu, əsas Bakı kəndlərinə və bağlarına sərnişin daşınmasını təmin edirdi. Sovet hakimiyyəti illərində elektrik qatarlarından daha geniş istifadə olunurdu. Sovet hakimiyyəti dağıldıqdan sonra ölkəmiz inkişaf etməyə başladı. Bakı dairəvi yolunda dəmir yolu vardı, 2009-cu ildə həmin hissədə dəmir yolunun bir hissəsi söküldü və avtomobul yolu çəkildi.

- Elektrik qatarlarının yaxın gələcəkdə bərpası nəzərdə tutulubmu?

- Əlbəttə, gələcəkdə bu istiqamətdə işlər gedəcək. Şəhərsalma İdarəsindən qeyd edirlər ki, hələlik biz belə bir göstəriş almamışıq, bununla bağlı hər hansı sənəd yoxdur. Hazırda biz dövlət proqramı ilə işlər görürük, elektrik qatarları məsələsi keçib ikinci plana. Əlbəttə, bu istiqamətdə də işlər gedəcək. Sovet dövründən qalan elektrik qatarları çox köhnəlib, sıradan çıxıb, yeni elektrik qatarları alınmalıdır. Köhnələr yeniləri ilə əvəz olunmalıdır.

Əvvəllər dairəvi yol adlanan ərazidən Maştağa, Buzovna, Mərdəkan və Qalaya elektrik qatarları hərəkət edirdi. 2009-cu ildə həmin hissədəki dəmiryol xətti söküldü və avtomobil yolu ilə əvəzləndi. Əlbəttə, biz də düşünürük ki, elektrik qatarları həm ekoloji cəhətdən təmizdir, həm də elektrik qatarlarının Bakıda görünməsi insanlara çox xoş təsir bağışlayır. Bu da dövlətin apardığı bir nəqliyyat siyasətidir və bunu həyata keçirmək lazımdır. .

- Bakıda elektrik qatarlarında təmizliyə riayət olunmur, dəmiryolu stansiyalarında da natəmizlik müşahidə edilir. Bakıdan rayonlara hərəkət edən qatarlarda da vəziyyət yaxşı deyil. Bəlkə bu səbəbdən əhali daha çox avtobusla getməyə üstünlük verir?

- Bu nəqliyyat növü çox ucuzdur, əvvəllər də bu belə olub. Bu nəqliyyat növündən əhali düzgün istifadə etmir. Onlar öz təssərrüfat mallarını qatarlara yükləyir, lazım olan stansiyada boşaldırlar. Bunların da tör-töküntüsü qalır vaqonlarda, onlardan sonra təmizləmək lazım gəlir. Bütün dünyada elektrik qatarlarından sərnişin daşımaq üçün istifadə edirlər. Elektrik qatarları yük daşımaq üçün deyil, sərnişin daşımaq üçündür, ancaq əldə olan yükü elektrik qatarı ilə da daşımaq olar. Sərnişinlər artıq əvvəlki kimi bu nəqliyyat növünə maraq göstərmir, həm də elektrik qatarları gəlir gətirmir, zərərlə işləyir. Zərərlə işləyəndə, biz artıq elektrik qatarlarını işlədə bilmirik. Az istifadə etmələri təmizliklə bağlı deyil. Sərnişinlər daha sürətli nəqliyyatdan istifadə etmək istəyirlər, mənzil başına daha rahat və daha tez çatmaq istəyirlər. Onun üçün avtobuslara daha çox üstünlük verirlər. Elektrik qatarlarının sürəti insanları qane eləmir.

- Dəmiryolu stansiyalarının təmiri nəzərdə tutulubmu?

- Bakı-Sumqayıt elektrik qatarlarımız hərəkət edir, biz istəyirik ki, əsas bu hissə yenilənsin. Bakıdan Böyük Kəsik istiqamətində işlər həyata keçirilir. Bu istiqamətdə hərəkət edən qatarların stansiyaları yenilənir, müasirləşdirilir. Tarixi binalar saxlanılmaqla təmir olunur, qatarlar yenilənir. Bakıətrafı qəsəbələrdə dəmiryolu stansiyaları da təmir olunacaq.

- Bakı-Tiflis-Qars istiqamətində gedən işlər hazırda nə yerdədir?

- Hal hazırda "Azərbaycan Dəmir Yolları" QSC dövlət proqramı çərçivəsində böyük işlər həyata keçirir. Bakıdan Gürcüstana qədər olan ərazidə də əsas işlər həyata keçirilir. Gərək əsas bu istiqamətdə işlər həyata keçirilsin ki, Çindən gələn yüklər və sərnişinlər Gürcüstan və Türkiyəyə gedərək, ordan Avropa çıxsın. Hazırda bu istiqamətdə işlər gedir. Hazırda Türkiyə istiqamətində də işlər görülür, Bakı-Tiflis-Qars dəmiryolu üçün yeni lokomotiv və yeni sərnişin vaqonlarını almağa hazırlaşırıq. Hazırda bizim mütəxəssislər yeni lokomotivlərə və yeni vaqonlara baxış keçirilirlər. Bizim ərazilərdə onların işləmə qabiliyyətini, gücünü yoxlayırlar. Biz o qatarları öz imkanlarımıza görə alaçağıq.

Əvvəlcə, şimal-cənub nəqliyyatı üzərində, sonra isə Bakıətrafı dəmir yollarında işlər gedəcək. Bakı-Horadiz istiqamətində artıq bir çox işləri həyata keçirmişik. Biletlərin alınması kompüterləşdirilmiş sistemdə həyata keçirilir. Biletlərin satışını "online" sistemlə həyata keçiririk. Artıq həm Şimal istiqamətində, həm Astara istiqamətində biletlərin satışını kömpüterləşdirmişik. Gələcəkdə isə yolların və stansiyaların bərpası həyata keçiriləcək.

Hazırda Böyük Kəsikdə mövcud dəmiryolun 500 kilometrliyində işlər gedir: "Yeni yollar çəkilir, ölkəyə yeni lokomativlər gətiriləcək, sabit cərəyandan dəyişik cərəyana keçiriləcək. Ərazidə rabitə və siqnalizasiya sistemləri yenilənir. Bütün diqqət Bakı-Tiflis-Qars istiqamətində işlərin həyata keçirilməsinə yönəlib.

Yeni vaqonların alınması istiqamətində artıq danışıqlar gedir. İşlər 2014-cü ildə yekunlaşacaq. Təkər cütləri artıq sərhəd keçid məntəqəsinə yaxınlaşmaqdadır, artıq Türkiyəni keçir. Azərbaycan standartlarında təkər cütləri 1520, avropalılarda 1435-dir. Vaqonların təkər cütləri Gürcüstandan Türkiyəyə keçəndə avtomatik Avropa standartlarına uyğun yığılır, bizim tərəfə keçəndə isə bizim standartlara uyğun yığılır. Biz bu tip vaqonları almağı düşünürük. Yaxın zamanda bu tip vaqonların alınması həyata keçiriləcək.

Əsasən, Bakı-Tiflis-Qars istiqamətində yükün daşınması, sonra isə sərnişin daşınması həyata keçiriləcək. İlk növbədə 5-6 milyon ton yük daşınması nəzərdə tutulur, gələcəkdə isə 15-17 milyon ton yükün daşınması həyata keçiriləcək. Beynəlxalq istiqamətlərdə hərəkət edəcək qatarların sürətinin artırılması 80-100 arası düşünülür. İlk növbədə gərək keyfiyyətli yol, yaxşı rabitə olsun ki, yeni daha sürətli qatarları tətbiq edəsən. Hal-hazırda bizdə yolları, idenfikasiya edirik, təmir edirik. İndi bizdə qatarlar saatda 80-100 km/surətlə gedirsə, ola bilər ki gələcəkdə saatda 140 km/sürətlə getsin.

- Yüksək sürətli qatarların yaxın gələcəkdə Azərbaycana gətirilməsi mümkündürmü?

- Saatda 230 km/sürətlə gedən qatarları bizdə tətbiq etmək mümün deyil, çünki bunun üçün xüsusi yollar olmalıdır, yolun hər iki tərəfi bağlı olmalıdır. Bakıdan Böyük Kəsiyə, yaxud da Astaraya saatda 230 km/sürətlə gedən qatar gərək Bakıdan çıxıb, birbaşa Astarada dayansın. Bizə bu qatarlar sərf eləmir.