İşsizlərə ödənilən müavinətə görə Azərbaycan postsovet lideridir

Rusiya və Qazaxıstan kimi çoxşaxəli iqtisadiyyat ölkələri bizdən xeyli geridədir.
ABŞ dolları
ABŞ dolları

Azərbaycanda işsizlik müavinətlərinin səviyyəsinin MDB ölkələrinin əksəriyyətindən yüksək olması Rusiya mətbuatının diqqətini cəlb edib.

ANS PRESS-in məlumatına görə, bu fakta xüsusi xəbər həsr edən "PravdeVqlaza" portalı bildirir ki, 2015-ci ildə işsizliyə görə ödənən müavinətlərin dollar ifadəsində məbləği üzrə Azərbaycan MDB lideri olub. Portal bildirir ki, ötən il Azərbaycanda işsizlərə hər ay 162 ABŞ dolları verilib və əksər MDB ölkələrində analoji göstərici xeyli aşağıdır. Məsələn, Belarusda işsizlər ayda 13 dollar əldə ediblər. Ukrayna isə işsizlərə ayda 59 dollar verib.

"Ötən il Azərbaycanda işsizlərə hər ay 162 ABŞ dolları verilib".

Yəni bu, orta göstəricidir. Təcrübədə isə Azərbaycan işsizləri daha yüksək məbləğ əldə edə bilirlər. Dövlət Məşğulluq Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hər bir vətəndaş son bir il üçün hesablanmış orta aylıq maaş göstəricisinin 70 faizi həcmində işsizlik müavinəti ala bilər, amma bu, ölkə üzrə hesablanmış orta maaş göstəricisindən yüksək ola bilməz.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Azərbaycanda orta maaş göstəricisi 485,5 manat olub. Yəni işini itirmiş adamın maaşı yüksək olarsa, o, 440 manata qədər müavinətə ümid edə bilər, bu isə 226 dollara bərabərdir. 

Azərbaycanda son illərdə işsizlərə ödənən maksimum işsizlik müavinəti (dollar)
Azərbaycanda son illərdə işsizlərə ödənən maksimum işsizlik müavinəti (dollar)

Əslində, devalvasiyadan əvvəlki illərdə Azərbaycan işsizləri dollar ifadəsində daha yüksək müavinət almağa şanslı idilər. Məsələn, 2014-cü ildə Azərbaycan işsizləri 400 dollara qədər müavinət ala bilərdilər. 2010-cu ildə isə bu göstərici 300 dollar ətrafında dəyişirdi.

"2014-cü ildə Azərbaycanda işsizlər ayda 400 dollara qədər müavinət ala bilərdilər".

Amma bütün bu müsbət göstəricilərlə yanaşı bu sahə də problemlərdən xali deyil. Hər şeydən öncə, işsizliyə görə müavinətə yalnız ştatda olmuş işçilər ümid edə bilərlər. Amma indi ölkənin əksər iş yerlərində işçilərlə ştatdankənar kimi müqavilə bağlayırlar. Belə hallarda işgötürən ştat vahidinə görə sosial vergi ödəmir, buna görə də iş yerləri bu cür müqavilələr bağlamağa meyilli olurlar.

İşsizliyə görə müavinət almaq istəyənlərdən isə əmək kitabçası tələb edilir ki, bu, ştatdankənar çalışmış işsizlərin Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz kimi qeydə alınmasına imkan vermir. 

Qeyri-rəsmi işləyənlər isə ümumiyyətlə buna ümid edə bilmirlər. Beynəlxalq qurumların hesabatlarına görə, Azərbaycanda kölgə iqtisadiyyatı 30-40 faizə çatır, bu isə o deməkdir ki, ölkədə işçilərin 30-40 faizi qeyri-rəsmi çalışır. Bu sektorlarda iş yerini itirmək riski böyük olsa da, həmin işsizlik halları da qeydə alınmır. 

Dünya ölkələrində işsizlik dərəcəsinin dəyişməsi
Dünya ölkələrində işsizlik dərəcəsinin dəyişməsi

Bunun nəticəsində, beynəlxalq normativlər əsasında tərtib edilən hesabatlarda işsizlik səviyyəsinə görə Azərbaycan az problemli ölkələr sırasında göstərilir. İşsizlik göstəricisi 5%-dən aşağı qeydə alınan Azərbaycan hətta MDB-nin Rusiya və Qazaxıstan kimi daha çoxşaxəli iqtisadiyyata malik ölkələrini geridə qoyur.

Əslində isə göstəricilərin reallığı daha dəqiq əks etdirməsi vacibdir. Bu cür yanaşma əmək bazarını daha effektiv idarə etməyə imkan yarada bilər. Bu baxımdan işsiz kimi qeydə alınmanın mexanizminin optimallaşması və əmək bazarını daha geniş əhatə etməsi vacibdir. Həmçinin, Dövlət Məşğulluq Xidmətinin saytında işsizlərin onlayn qeydiyyatı üçün şərait yaradılmalıdır ki, bu sahədə maneələrin olması barədə söz-söhbət aradan qalxsın. 

 

Şərhlər