SOCAR-ın Cenevrə ofisi bağlandı

Bu, neft şirkətinin xərcləri ilə bağlıdır.
SOCAR şirkətinin loqosu
SOCAR şirkətinin loqosu

SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı "Nasha Gazeta"ya müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu, SOCAR-ın xərcləri ilə bağlıdır. Belə ki, dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib, xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə yenidən baxıb. 

"SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunurdu; bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırıb".

Qurum rəsmisi onu da əlavə edib ki, SOCAR İsveçrədə yenicə fəaliyyətə başlayanda ictimaiyyət və bəzi KİV-lər onun perspektivliyinə şübhə edirdi. Amma bu, Azərbaycanla bağlı deyildi. "Sadəcə çoxları SOCAR haqqında heç nə bilmirdilər. Onun Azərbaycan brendi heç kimə məlum deyildi. Amma sonralar SOCAR-ın fəaliyyəti ümidləri doğrultdu. Hazırda bütün müştərilər ondan razıdırlar. SOCAR rəqabətqabiliyyətli şirkətə çevrilib".

Əkrəm Zeynallı - Azərbaycanın İsveçrədəki səfiri
Əkrəm Zeynallı - Azərbaycanın İsveçrədəki səfiri

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə SOCAR) - dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.

Bu şirkət Azərbaycan respublika prezidentinin 1992-ci il fərmanı əsasında yaradılıb. 

 

Şərhlər