Pensiyaçılara kredit verilməsi ilə bağlı qadağanın səbəbləri

Maliyyə bazaralarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı ANS-ə müsahibə verib.
Rüfət Aslanlı - Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri
Rüfət Aslanlı - Maliyyə bazarlarına nəzarət palatasının rəhbəri

Maliyyə bazaralarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini eksklüziv olaraq ANS-ə açıqlayıb.

Mir Şahinə müsahibəsində qurum rəhbəri bu addımın səbəbləri ilə yanaşı vəziyyətdən çıxış yolu kimi düşünülən addımlar barədə də danışıb.

Rüfət Aslanlının sözlərinə görə, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir. bu, sadəcə kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir.

Aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manatdır. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz yaşaması sual doğurur.

Digər tərəfdən palatanın araşdırmaları pensiyaçıların krediti çox vaxt özlərininin yox yaxınlarının ehtiyacı üçün aldığını göstərib. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir. Hazırda palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir.

Rüfət Aslanının sözlərinə görə, borc yükünün gəlirlərə nisbəti göstəricisi daha real olmalıdır. Yəni vətəndaşın aylıq ödənişi onun aylıq gəlirinin 50%-dən az olmalıdır. Vətəndaşın borcu ödədikdən sonra əlində qalan pul isə onun aylıq yaşayışını təmin etməlidir.

Rüfət Aslanlının ANS-ə ekskluziv müsahibəsi

Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

 

Şərhlər