Transxəzər nəqliyyat dəhlizində tariflər aşağı salındı

Ukrayna Azərbaycan, Gürcüstan və Qazaxıstanla yükdaşıma tariflərində razılığa gəlib.
Ukrayna-Çin qatarı
Ukrayna-Çin qatarı

Ukrayna uzun danışıqlardan sonra Rusiyadan yan  keçən nəqliyyat marşrutunda yükdaşıma tarifləri ilə bağlı digər dövlətlərlə razılığa gələ bilib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın  infrastruktur naziri Vladimir Omelyan öz "facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Rusiyadan yan keçməklə Çinə gedən marşrut üzrə yükdaşıma tariflərinin  təxminən 30 faiz endirilməsi haqqında razılıq əldə edilib.

Razılaşma Azərbaycan, GürcüstanQazaxıstanla  əldə olunub. “Ukraynanın İlyiçevsk limanından Çinin  “Dostık” stansiyası istiqamətində hərəkət edən  hər 40 futluq konteyner qatarı üçün qiymət 5559 dollardan  3980 dollara qədər  endirilib. “İpək yolu” marşrutu üzrə tariflərin ucuzlaşdırılması ətrafında işlər aparılır. Mən düşünürəm ki, biz buna nail olacağıq”, - Omelyan qeyd edib. 

Vladimir Omelyan - Ukraynanın infrastruktur naziri
Vladimir Omelyan - Ukraynanın infrastruktur naziri

Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizini-Qazaxıstan-Çin keçən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb.  Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 

20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından yeni marşrutu üzrə yanvarın 31-də Çinin “Dostık” stansiyasına çatıb.  Bu dəhlizə sonrakı mərhələdə Avropa dövlətlərinin qoşulacağı bildirildi. 

Rusiya ilə əlaqələrin pisləşməsi nəticəsində rəsmi Moskva Ukraynanın yük maşınlarına və qatarlarına ölkə ərazisində keçməyə icazə vermir. Rusiya Ukrayna mallarına qarşı bu qadağanı 2016-cı il yanvarın 1-dən tətbiq edir. Həmin vaxtdan etibarən Ukrayna Rusiyadan kənar yollardan öz məhsullarını xaricə çıxarmağa  məcbur olub.

Azərbaycan ərazisindən keçən sınaq konteyner qatarı
Azərbaycan ərazisindən keçən sınaq konteyner qatarı

Amma bir müddət əvvəl Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən Ukraynanın konteyner qatarı Çindən geri qayıda bilməməsi barədə məlumatlar yayılmışdı. Buna səbəb geri qayıtmalı olan vaqonların boş olması idi. Daha dəqiqi desək, qatar müştəri sarıdan əziyyət çəkirdi.

Hazırda nəqliyyat marşrutu üzrə tariflərin endirilməsi konteyner qatarının müştərilərinin artacağını deməyə əsas verir. Çünki Ukrayna Rusiya ərazisindən istifadə etmək üçün 5 min dollar ödəyirdi. Amma yeni marşrut üzrə bir neçə dövlətin yerləşməsi tarif baxımından problemlər yaradırdı. Bu razılıq isə Ukraynanın nəqliyyat sahəsində Rusiyadan tamamilə imtina etdiyini göstərir.

Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Çin marşrutu
Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Çin marşrutu