Çin və Rusiya dollara qarşı qızılla müharibəyə başlayıb

Corc Sorosun son addımları maliyyə bazarlarında təşviş yaradıb.
Qızıl və dollar
Qızıl və dollar

Dünyanın əsas maliyyə oyunçusu, amerikalı milyarder Corc Sorosun ABŞ səhmlərindən imtina edərək qızıl bazarına sərmayə yatırması maliyyə dairələrində həyəcana səbəb olub.

ANS PRESS-in məlumatına görə, Corc Sorosa məxsus "Soros Fund Management"in 2016-cı ilin yekunları üzrə hesabatına əsaslanan analitiklər bunu Çin və Rusiyanın ABŞ dollarına qarşı başladığı  müharibənin ilk xəbərdarlığı kimi qəbul ediblər.

"Soros Fund Management"in saytında yerləşdirilmiş sərmayə yatırımları üzrə rüblük hesabatdan görünür ki, fond Amerika qiymətli kağızlar bazarından çıxır və əlvan metallarla işləyən şirkətlərdən pay almağa başlayır.

Soros fondu Amerika qiymətli kağızlar bazarından çıxır və əlvan metallarla işləyən şirkətlərdən pay almağa başlayır.

2016-cı ilin birinci rübündə Soros fondunun satdığı səhmlərin qiyməti 37%-ə qədər ucuzlaşıb. Fond bəzi şirkətlərin səhmlərindən  bütünlüklə imtina edib. Məsələn, fond telekommunikasiya nəhəngi "Level 3 Communications"u tamamilə tərk edib. Halbuki  2015-ci ilin dekabr ayında bu şirkətin 173 milyon dollarlıq səhminə sahib idi. Həmçinin Soros fondu «Dow Chemicals» kimya konserninin 161 milyon dollarlıq səhmindən azad olub.

Əvəzində Soros fondu dünyada aparıcı qızıl hasilatçısı olan «Barrick Gold» (Kanada) şirkətinin 20 milyon  ədəd səhmini alıb. Bu, Soros üçün həddindən uğurlu alqı-satqı sayıla bilər, yanvarın 1-dən «Barrick Gold»un səhmlərinin qiyməti 2,5 dəfə artıb.

Corc Sorosun bu addımı Çin və Rusiyanın 2015-ci ildən başlayaraq qızıl ehtiyatlarını xeyli artırmasını izləyib. Son 15 ayda Çin öz qızıl ehtiyatını 70% artıraraq 1700 tona çatdırıb. Rusiyanın qızıl ehtiyatları isə 21% artaraq 1460 tona çatıb. İspaniyanın birca araşdırmaları institutunun professoru Karlos Fernandesin fikrincə, Pekin və Moskvanın iri məbləğlərlə qızıl almaqda məqsədi dollardan asılılıqdan xilas olmaqdır.

Bu fikir Pekin və Rusiya tərəfindən mütəmadi olaraq səsləndirilir. Moskva hətta öz neftinin satışlarında dəfələrlə dollardan imtinaya cəhd göstərib. Beləliklə, dünya hakimiyyəti uğrunda ABŞ-a rəqib olmaq istəyən bu iki dövlətin neçə illər ərzində dolları zəiflətmək üçün  apardığı siyasətin artıq nəticə verməyə başladığını, bu iki dövlətin gizli-aşkar apardığı siyasətin dollara zərər vurmağa başladığını ehtimal etmək olar.

Son 5 ildə dünya bazrında qızılın qiymətinin dəyişməsi (dollar/Troya unsiyası)
Son 5 ildə dünya bazrında qızılın qiymətinin dəyişməsi (dollar/Troya unsiyası)

Lakin iqtisadçı ekspert, Azərbaycan Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev ANS PRESS-ə müsahibəsində bu cür ehtimallarla razılaşmadığını bildirir:

"Corc Sorosun bu səhmləri satması sadəcə biznes addımıdır. O, iqtisadiyyatda gedən prosesləri hamıdan tez hiss edir. Görünür, qızıl bazarında böyük gəlir olacağını hiss edib, ona görə sərmayələrini  bu sektora yönəldib. Sadəcə, Amerikada Sorosun addımlarına ciddi fikir verirlər, buna görə müzakirələrə səbəb olub".           

"Amerika iqtisadiyyatı o qədər güclüdür ki, kimsə hansısa siyasətlə dollara ciddi zərbə vura bilməz".

Oqtay Haqverdiyevin sözlərinə görə, Amerika iqtisadiyyatı o qədər güclüdür ki, kimsə hansısa siyasətlə dollara ciddi zərbə vura bilməz: "Hər halda, dünya iqtisadiyyatının 25 faizi bu ölkənin payına düşür. Bu ölkənin iqtisadiyyatı o qədər çoxşaxəlidir ki, bir sektorda olan geriləməni başqa sektorda olan irəliləmə kompensasiya edir".  

İqtisadçı ekspert Rusiya və Çinin ehtiyat naminə qızıl yığdığını vurğulayır: «Qızıl ölü kapitaldır, o, dolları tam əvəz edə bilməz. Hər hansı bir layihəyə birbaşa qızılla sərmayə qoymaq mümkün deyil. Əvvəlcə qızıl satılmalıdır və dollara çevrilməlidir».

Amma bununla yanaşı, qızıla sərmayə yatıran ölkələr ilk növbədə iqtisadiyyatlarında sabitlik yaratmaq naminə bu addımı atdıqlarını vurğulayırlar.  Onların fikrincə, yetərincə qızıl ehtiyatının olması ölkəni beynəlxalq valyuta sistemində böhran baş verə biləcək istənilən böhrandan xilas edə bilər.  

 

 

Şərhlər