Bakının rüşvətsiz yaşamaq praktikasından reportaj (FOTO)

ANS PRESS 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin iş prosesi ilə tanış olub
Reportaj üçün yeni açılmış ASAN xidmət mərkəzinə gedəcəyimi bilən hər kəs sualla yanıma gəlirdi, "Facebook"da mesaj göndərirdi. Hərənin bir dərdi vardı: "De ki, avtomobillərin gömrükdən keçirilməsini də ASAN-a həvalə etsinlər". "Qoy fərdi evlərin tikintisinə icazə vermək üçün rayon İH-ləri layihələri ASAN vasitəsi ilə qəbul etsin". Bəziləri hətta ASAN-ın açılmasının göydəndüşmə olduğunu bildirirdi: "Qızıma şəxsiyyət vəsiqəsi almaq istəyirdim, özümün də sürücülük vəsiqəmin vaxtı bitib, gedib rahatca eyni yerdə həll edərik".

Dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışını sən demə çox adam gözləyirmiş. Bakının Nərimanov və Nəsimi rayonlarının sakinlərinə xidmət edən mərkəzə adamlar elə ilk gündən axın etməyə başlayıblar.

Agentlikdən ANS PRESS-ə verilən məlumata görə, 1-ci gün Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəzə 256 nəfər müraciət edib və onlardan 150 nəfərə xidmət göstərilib. 100-dən çox insana isə lazımi orqanlara düzgün müraciət etmək üçün məsləhətlər verilib. "Adətən biz dövlət idarələrinə müraciət edəndə bizi başlarından edirlər. Heç kim doğru məsləhət vermir, 50 qapıya müraciət etməli oluruq. Amma ASAN-da elə mütəxəssislər oturur ki, adama dəqiq yol gösğtərirlər",- deyə bu cür məsləhət almış müştərilərdən biri ANS PRESS-ə bildirmişdi. ASAN-ın daha bir üstünlüyü həftənin bütün günləri işələməsidir və burada nahar fasiləsi yoxdur, saat 10.00-dan 20.00-yə kimi həmişə açıq olur. Bu, həftənin məşğul günlərində işləyən əhali üçün də öz sənədlərini düzəltməyə imkan yardacaq.

“ASAN xidmət” mərkəzində 9 dövlət orqanınan - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi , Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsin tərəfindən göstərilən 23 hüquqi xidmət həyata keçirilir. Bu xidmətlər həmin qurumların bütün fəaliyyətini əks etdirməsə də bir sıra ən çox müraciət edilənləri əhatə edir.

ANS PRESS-in əməkdaşı mərkəzdə olarkən ən çox müraciət olunan xidmətlər sırasında Daxili İşlər Nazirliyinə aid şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri gəlir. Həmçinin Dövlət Miqrasiya Xidmətinə aid Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi ilə bağlı da müraciətlər olurdu. Dövlət Sosial Müdafiə Fonduna aid əmək pensiyalarının təyin edilməsi xidməti ilə də ASAN-a müraciət edənlər çox idi.

Mərkəzə müraciət edənlər ilk öncə zirzəmidə yerləşən qəbul salonuna daxil olurlar və qeydiyyatdan keçirlər. Qeydiyyat prosesi avtomatlaşıb və xüsusi apparata şəxsiyyət vəsiqəsini daxil etməklə xidmət növünə uyğun növbə talonu alınır. Müraciətçiləri bu işdə xüsusi təlim keçmiş "volontyor"lar yardım edir. Ümumiyyətlə sistemdə 120 ştatlı işçi və 20 volontyor fəaliyyət göstərir. Zirzəmi qatında gözləmə zalı, bank və poçt xidmətləri, tibb məntəqəsi, kafe və s. Var. Uşaqlı valideynlər övladlarını uşaq əyləncə mərkəzinə də təhvil verə bilərlər.

Mərkəzin n böyük özəlliyi bu xidmətlərin məmurlara heç bir «hörmət» ödənilmədən həyata keçirilməsidir. ASAN-da hər tərəf kamera qeydinə götürülür və arakəsmələrin şəffaf olması işçilərin hansısa əyintiyə yolverməsinə imkan vermir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu, pilot layihədir və uğurla nəticələnərsə, bütün ölkə ərazisinə yayılacaq və sadalanan xidmət növləri sırasına yeniləri də əlavə ediləcək.