Energetika naziri və SOCAR prezidenti Yunanıstana gedirlər

TAP-ın təməlqoyma mərasimi keçiriləcək.
TANAP layihəsi - Trans Anadolu qaz boru kəməri
TANAP layihəsi - Trans Anadolu qaz boru kəməri

Bu gün Yunanıstanda tarixi an yaşanacaq. Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik qaz boru kəmərinin (TAP) təməlqoyma mərasimi keçiriləcək.

Yunanıstanda TAP qaz boru kəmərinin inşasına başlanılır.  Azərbaycanın energetika naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TAP-ın Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək.

Tədbirdə Azərbaycanla yanaşı, Avropa İttifaqı və ABŞ rəsmiləri, Yunanıstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək vəzifəli şəxslərinin iştirakı da nəzərdə tutulub.  Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir.

TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP layihəsinin xəritəsi
TAP layihəsinin xəritəsi
 

Şərhlər