Əhali bayram istirahəti üçün Azərbaycan rayonlarını seçir

Əhalinin üz tutduğu bölgələr arasında Qəbələ, Quba, Şəki liderlik edir.
Turistlər
Turistlər

Novruz bayramı münasibəti ilə ölkə ərazisində 8 gün qeyri-iş günü olacaq. ANS PRESS-in məlumatına görə, vətəndaşların bir hissəsi öz istirahətini rayonlarda keçirməyə üstünlük versə də bəziləri bayram tətilində  xarici ölkələrə  getməyə can atırlar. Ancaq ötən illərlə müqayisədə bu il istirahət günlərində xarici ölkələrə üz tutanların sayı xeyli azalıb. Bunu apardığımız sorğu zamanı şəhər sakinləri də təsdiq etdilər.

Paytaxt sakini Elməddin Xələfov deyir ki, son iki ildə novruz tətilini Ukraynada keçirib: “Ötən il Ukraynanın Truskavets  şəhərində həyat yoldaşımla bir həftə istirahət etmişdim. Bu istirahətə cəmi 1200 manat xərcləmişdim. Həmin yer məni çox cəlb etdiyi üçün bu il də ora getmək istəyirdim. Amma hazırki qiymətlər çox yüksəkdir. Bir neçə turizm şirkəti ilə danışmışam. Məndən 1200-1300 dollar ödəməyimi istəyirlər. Ancaq əvvəlki kimi imkanım yoxdur. Bu səbəbdən də istirahətimi bölgələrdən birində keçirəcəm. Çünki qənaət etməliyəm”.

Apardığımız  sorğu nəticəsində məlum oldu ki, əhalinin xarici ölkələrdən üz döndərməsinin başlıca səbəbi qiymətlərin bahalaşması ilə əlaqədar  maddi durumu aşağı düşən sakinlərin qənaət etməsi ilə bağlıdır.

"Vətəndaşların əsas üz tutduğu rayonlar Qəbələ, Quba və Şəkidir".

Xarici ölkələrə turlar təşkil edən turizm  şirkətləri də müştəri azlığından əziyyət çəkirlər. Şirkətlərdən birinin əməkdaşı Samir Məmmədov deyir ki, son aylar xaricə təşkil etdikləri turların sayında 40%-ə yaxın azalma müşahidə edilir: “Bunun əsas səbəbi dolların və avronun dəyər qazanmasıdır. Məsələn, əvvəllər Dubayda bir nəfərin 5 günlük istirahəti  500-525 manat idisə, indi həmin rəqəm təxminən 800 manatdır. Ona görə də, vətəndaşlar xaricə getməkdən imtina edirlər”.

 “Bayram ərəfəsində xaricə  üz tutanlar isə  əsasən Dubay İstanbula üstünlük verirlər. Avropa ölkələri arasında isə  Çexiya, Almaniya Monteneqro liderlik edir. Bu ölkələrdə 4 gün istirahət etmək istəyən vətəndaşlar 500 avro xərcləməlidirlər. Həmin məbləğə bilet, otel və transfer daxildir. Qalan xərcləri  şəxs özü ödəməlidir”.

Xaricdə istirahət edənlərin sayının azalması nəticəsində daxili turizmdə xeyli artım müşahidə edilir. Bunu turizm şirkətlərinin açıqladığı məlumatlar da təsdiq edir . Bildirirlər ki, hazırda ölkədə vətəndaşların üz tutduğu istirahət zonaları arasında  Qəbələ, Quba, Şəki və İsmayıllı liderlik edir. Bu rayonlara əhalinin marağı daha çoxdur.

Şəkidəki istirahət mərkəzlərindən biri
Şəkidəki istirahət mərkəzlərindən biri

Turizm şirkətlərinin əməkdaşları və vətəndaşların dediklərindən belə bir nəticəyə gəlmək olar ki, xarici valyutanın dəyər qazanması əhalinin daha çox qənaət rejiminə keçməsinə və  xaricə deyil, bölgələrə üz tutmasına səbəb olub. Nəticədə daxili turizm inkişaf etməyə başlayıb. Azərbaycanda daxili turizm  inkişaf etsə və  sərfəli təkliflər irəli sürülsə, bu, ölkənin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edəcək. 

 

Şərhlər