Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq möhkəmlənir

Bakı-Supsa energetika dəhlizinin 20 illik yubileyi qeyd olunur.
Neft kəməri
Neft kəməri

"Şərq-Qərb" enerji dəhlizi Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq üçün əsas oldu. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycan əsası Bakı-Supsa neft kəmərilə (Qərb İxrac boru Kəməri - QİBK) qoyulmuş "Şərq-Qərb" enerji dəhlizinin 20 illiyini qeyd edir.

Bu səbəbdən Azərbaycanın baş naziri Artur Rasi-zadə və energetika naziri Natiq Əliyev Tiflisə gediblər.

"Bu yalnız 550 milyon ABŞ dolları həcmində olan bir investisiya deyil... Bu layihə eyni zamanda Gürcüstan və Azərbaycan arasında strateji və müvəffəqiyyətli əməkdaşlığın başlanğıcıdır ki, ildən-ilə güclənir", - deyə Kaladze Azərbaycandan gələn qonaqlar ilə görüşdə deyib. 

Baş nazirin müavini onu da əlavə edib ki, bu müqavilə Gürcüstana tranzit ölkə rolunu qaytarmağa kömək edib.

Bakı-Supsa
Bakı-Supsa

Bu münasibətlə Tiflisdə təşkil olunan bayramda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili öz azərbaycanlı həmkarı ilə görüşüb.

"Hamını Bakı-Supsa energetika dəhlizinin 20 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu, ölkələrimiz arasında strateji əməkdaşlığın əsasını qoyub", - deyə Kvirikaşvili vurğulayıb.

Daha sonra Artur Rasi-zadə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə iki ölkənin münasibətlərini müzakirə edib.

Artur Rasi-zadə və Georgi Kvirikaşvili
Artur Rasi-zadə və Georgi Kvirikaşvili

Bakı-Supsa neft kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martına qədər davam edib.

Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.

 

Şərhlər